“Mehriban xanım Əliyevanın Rusiyaya səfəri ikitərəfli münasibətlərin bütün parametrlər üzrə yüksək inkişaf tempinə malik olduğunu təsdiqlədi”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
Deputat vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq, mehriban qonşuluq, dostluq münasibətləridir:
“Bakı-Moskva münasibətləri strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləridir. İlk növbədə bərabər hüquqlara söykənən münasibətlərdir. Mehriban xanımın səfəri göstərdi ki, iki dövlət arasında siyasi dialoq, ticarət, iqtisadi münasibətlər, humanitar sahədə əlaqələr çox sürətlə inkişaf etməkdədir. Bu fikir də vurğulandı ki, iki dövlətin arasında ticarət dövriyyəsinin səviyyəsi 2.6 milyard dollara çatıb və gələn illərdə məbləğin 3 milyard dollara çatdırılması əsas hədəflər sırasındadır. Qeyri-neft sektorunda bizim münasibətlərimiz daha dinamik inkişaf tempinə malikdir. 2019-cu ilin 9 ayı ərzində Azərbaycanın 1 milyard 413 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edilib. Bu sırada birinci yerdə Rusiya dayanır ki, bu da 465.6 milyon dollara bərabərdir. Eyni zamanda Mehriban xanımın bu səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü və bu görüşdə hər iki tərəfin səsləndirdiyi fikirlər onu göstərir ki, hər iki dövlətin rəhbərləri səviyyəsində çox sıx münasibətlər var. Hər iki tərəf bu münasibətlərin inkişaf etdirilməsində olduqca maraqlıdır. Bu görüşün ən mühüm hadisəsi kimi Rusiya Prezidenti Vladimir Putinin Birinci vitse-prezident Mehriban Əliyevanı Rusiyanın ali dövlət ordenlərindən biri olan “Dostluq” ordeni ilə təltif etməsi oldu. Əslində, bu təltif ikitərəfli münasibətlərimizin səviyyəsinə verilən qiymətdir”.
Parlament üzvü bildirib ki, Mehriban Əliyevanın Rusiyaya səfəri naməlum əsgərin abidəsini ziyarətdən başladı:
“Hesab edirəm ki, bu hadisənin çox böyük simvolik mənası var. Məsələ ondadır ki, naməlum əsgər alman faşizminə qarşı mübarizədə həlak olub, öz canını fəda edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti faşizmə qarşı mübarizədə canını fəda vermiş naməlum əsgəri ziyarət edir, ona öz ehtiramını bildirir. Amma işğalçı Ermənistan dövlətində isə həmin o naməlum əsgərləri qətlə yetirən, faşizm ideologiyasını təbliğ edən, faşizmə xidmət etmiş şəxslərin qəhrəmanlaşdırılması, onlara abidələrin qoyulması siyasəti həyata keçirilir. Azərbaycanın faşizmə münasibəti necədir və Ermənistanın faşizmə münasibəti necədir? Azərbaycan faşizmi lənətləyir, ona qarşı mübarizə prosesinə töhfə verir. Eyni zamanda faşizmə qarşı mübarizədə canını fəda etmiş insanları ziyarət edir, öz qayğısını, diqqətini ayırır. Amma Ermənistanda onlar “qəhrəmanlaşdırılır”. Bunlar bir daha onu göstərir ki, Azərbaycan və Ermənistan tamamilə fərqli, bir-birinin əksi ola dövlətlərdir. Birində faşizm ideologiyası, digərində isə sülh və əminamanlıq, birgəyaşayış mədəniyyəti, multikultural dəyərlər təbliğ olunur”.