Generallar yenə Bakını seçdi: Bu, Azərbaycanın strateji dialoq platforması olduğunu göstərir

"Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin Bakıda görüşlər keçirməsi ölkəmizin nüfuzunu daha da artırır"



Dünən Bakıda NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piçlə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib. Görüş zamanı Avropa təhlükəsizliyi sahəsində vəziyyət, Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması üzrə tədbirlər, o cümlədən hərbi ekspertlərin dialoqunun bərpa olunması məsələsi müzakirə olunub. Generallar böhranlı regionlardakı vəziyyəti də müzakirə ediblər. Xatırladaq ki, bu, Gerasimovla iyun ayında NATO Hərbi Komitəsinin sədri vəzifəsinə təyin olunan S.Piç arasında ilk görüşdür. Bunadək onlar yalnız telefon danışıqları keçiriblər.

Onu da qeyd edək ki, Rusiya və hərbi alyans rəsmiləri danışıqlardan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüblər. Ekspertlərin fikrincə, generalların görüş yeri kimi növbəti dəfə Azərbaycanı seçməsi ölkəmizin siyasi və strateji baxımdan ən əlverişli məkan olduğunu göstərir. 

Mühüm görüşlə bağlı “Şərq”ə danışan millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib. Deputatın sözlərinə görə, Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin görüşlər keçirməsi ölkəmizin strateji dialoq platforması kimi çıxış etdiyini göstərir:

“Regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən Azərbaycan sivilizasiyalararası dialoqa əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə NATO-nun Hərbi Komitəsinin sədri arasında görüş məkanı kimi növbəti dəfə Bakının seçilməsi Azərbaycanın beynəlxalq miqyasda rolunu və nüfuzunu daha da artıran amildir. Bu fakt bir daha Azərbaycanın tərəfdaşlıq və əməkdaşlıq platforması kimi özünü beynəlxalq münasibətlərdə təsdiq etməsinin ifadəsidir. Qloballaşan dünyada hegemon güc mərkəzlərinin dialoq məkanı kimi seçəcəyi ünvanların sayı hər ötən gün bir qədər də azalır. Çünki bəzi qlobal məsələlər ayrı-ayrı milli dövlətləri beynəlxalq münasibətlərin aktoru kimi mövcud siyasi reallıqların fonunda müxtəlif qütblərə doğru itələməyə başlayıb. Bu tendensiya beynəlxalq münasibətlərin gələcəyi baxımından müsbət hal deyil. Belə bir situasiyada Azərbaycanın tərəfdaşlıq məkanı kimi çıxış etməsi diplomatiya tarixində qeyri-adi hadisə kimi qiymətləndirilməlidir”. 

Parlament üzvü vurğulayıb ki, Rusiyanın və NATO-nun ali hərbi komandanlıqlarının Bakıda üç dəfə görüşü olub:

“Bu, əlbəttə ki, təsadüfi xarakter daşımır. Bu fakt, hər şeydən əvvəl, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət kursunun qanunauyğun nəticəsidir. Regional və beynəlxalq miqyasda əməkdaşlığa, təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycan çoxvektorlu, praqmatik xarici siyasət həyata keçirir. Bu da həm ölkəmizin milli maraqlarının qorunmasında, həm də regional sabitliyin, təhlükəsizlik və inkişafın təmin olunmasında öz ifadəsini tapır. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, Azərbaycan qarşıdurma, rəqabət  deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir”.