"Azərbaycan İtaliya arasındakı hazırkı münasibətlər çoxşaxəli sahələr üzrə inkişaf edir. İki ölkə arasında imzalanan əməkdaşlıq və tərəfdaşlıq sazişi mövcud münasibətlərin daha da gücləndirilməsinə bir töhfədir".
Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfərini yüksək qiymətləndirən və iki ölkə arasında imzalanmış sənədlərin əhəmiyyətindən söz açan millət vəkilinin sözlərinə görə, ölkələrimiz arasında ticari və iqtisadi əməkdaşlıqla yanaşı mədəniyyət, təhsil kimi humanitar sahələrdə də çox ciddi əməkdaşlıq var:
"Azərbaycanın tarixi multikulturalizm ənənələri, sivilizasiyaları, mədəniyyətlərarası əməkdaşlıq təcrübəsi, İtaliya və ümumilikdə Avropa üçün çox mühümdür. Azərbaycan- İtaliya münasibətlərinin inkişafı, Azərbaycanın Avropa Birliyi ölkələri arasındakı münasibətləri üçün bir modelə çevrilə bilər. Bu əməkdaşlıq və Birgə Bəyənnamə gələcəkdə Avropa Birliyi ilə imzalanması nəzərdə tutulan sazişə zəmin rolunu oynayacaq. Ümidvaram ki, Azərbaycan ilə İtaliya arasındakı enerji layihələri, enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayacaq və ölkəmizin enerji sahəsində Avropa Birliyi ilə münasibətlərinin daha da genişlənməsinə səbəb olacaq".