Azərbaycan hökuməti tərəfindən görülən preventiv tədbirlərə baxmayaraq, ölkə ərazisində pandemiyaya yoluxma dinamikası gündəlik artmaqdadır. İddialara görə, xəstəliyin artım dinamikasına virusun aqressiv və yoluxma sürətinin yüksək olması ilə yanaşı, əhalinin əksər hissənin xüsusu rejim qaydalarının tələblərinə əməl etməməsi, digər şəxslərlə sıx təmasları, ciddi zərurət olmadığı hallarda evdən çölə çıxmaları, ictimai nəqliyyatda karantin dövrünün tələblərinə tabe olmamaları və digər mövcud qaydalara əməl etməmələri səbəb olub.
Millət vəkili Tahir Mirkişili də Sherg.aza koronavirusa yoluxma hallarının artmasının ölkədə narahat doğurduğunu deyib:
"Etiraf etməliyik ki, bir çox vətəndaşlar bu virusun nə dərəcədə təhlükəli olduğunu qəbul etmir və “özünü və başqalarını qoru” qaydalarını pozurlar. Bu minvalla onlar bütün cəmiyyəti sürətlə bu təhlükəyə doğru sürükləyir və dövlətin indiyə qədər həyata keçirdiyi yüksək qoruma tədbirlərinə kölgə salırlar. Bununla belə deputat hesab edir ki, pandemiya şəraitinin yaranmasında vətəndaşları günahlandırmaq yox, bu şəraitdən minimum itki ilə çıxmaq üçün vətəndaş məsuliyyətinin önəmini izah etmək lazımdır: " Bir tərəfli addımların səmərəsi az olacaqdır. Dövlət vətəndaşı qorumaq üçün bütün vasitələrdən istifadə edir, yardım edir. Cəmiyyətin əksəriyyəti, vətəndaşların mütləq əksəriyyəti bu məsuliyyəti anlayır və dövlətin atdığı addımları dəstəkləyərək davranışlarını da buna uyğun edir. Amma bəzi qüvvələr, ölkəmizin və xalqımızın bu bəladan üzü açıq çıxmağını arzulamayan qüvvələr cəmiyyətdə yalan informasiyalar yayaraq çaşqınlıq yaymağa çalışırlar. Lakin onlar məqsədlərinə çata bilməyəcəklər. Vətəndaşlarımızı bu çətin günlərdə dövlətimizə, ziyalılarımıza, elm adamlarımıza, həkimlərimizə daim güvənməyə və onların tövsiyələrinə əməl etməyə çağırıram".