Azərbaycan ordusu hər birimizin qürur mənbəyidir -  Millət vəkili 


 Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin prioritet hədəfidir. Bu hədəfə nail olmaqda Silahlı Qüvvələrimiz  əhəmiyyətli rol oynayır. Silahlı Qüvvələrimizin döyüş ruhu yüksəkdir, ordumuz istənilən vaxt verilən əmri yerinə yetirməyə hazırdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması ötən əsrin 90-cı illərində başlanmasına baxmayaraq, qısa zamanda Silahlı Qüvvələrimiz dünya reytinqində 50-ci pillədə qərarlaşır və beynəlxalq reytinqlər də bunu göstərir.  

Azərbaycan ordusunun hər birimizin  qürur mənbəyi olduğunu vurğulayan millət vəkili Sədaqət Vəliyeva “Sherg.az”a açıqlamasında  cəmiyyətdə Silahlı Qüvvələrimizə böyük inam olduğunu deyib. 

Aprel döyüşlərinin tarixə ordumuzun gücünün, xalqla ordunun vəhdətini, vətənpərvərliyinin göstəricisi kimi düşdüyünü xatırladan millət vəkilinin sözlərinə görə,  Mübariz İbrahimov kimi, Fərid Əhmədov kimi qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq gənclərimizin ən böyük arzusudur:

“Onların şəhidliyi əsgərlərə, hətta bütün vətəndaşlara nümunədir. 4 gün ərzində 300-dən çox erməni əsgəri məhv edildi, 500-dən çoxu ağır yaralandı, 30 tank, 15-dən çox artilleriya qurğusu və mühəndis istehkam qurğuları məhv edildi. Bu isə bir daha Silahlı Qüvvələrimizin nə dərəcədə güclü olduğunu bütün dünyaya sübut etdi. Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan şəhidlik mərtəbəsinə yüksəlirlər. Bunun ən son nümunəsini 12 iyulda Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəs müqaviləsini pozaraq hücuma keçməsi zamanı gördük.  Silahlı Qüvvələrimizin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək hazırlığı sayəsində Ermənistan silahlı bölmələrinin hücumlarının qarşısı sərt şəkildə alındı. Düşmənə qarşı tətbiq olunan dəqiq və dağıdıcı gücə malik silahlar, həmçinin əsgər və zabitlərimizin qəhrəmanlığı onu itki verərək geri çəkilməyə məcbur etdi.  Ordumuzun generalı döyüşlərdə əsgərlərimizin yanında idi, onlarla çiyin-çiyinə qarşı vuruşurdu. Ali Baş Komandan da Vətən uğrunda canlarını verən qəhrəmanlarımızı unutmur, onların, ailələrinin qayğısına qalır və onların qəhrəmanlığını yüksək qiymətləndirir.  Elə ötən gün  Prezident İlham Əliyevin Qəbələdəki  küçələrdən birinə şəhid general Polad Həşimovun adının verilməsi barədə  tapşırığı da bu dövlət başçısının qəhrəmanlara verdiyi yüksək dəyərin əyani sübutudur”.