İraqdan gələn azərbaycanlı uşaqlara yalnız təhsil vermək çıxış yolu deyil
Tədrislə paralel olaraq o uşaqlar daimi psixoloq nəzarətində olmalı və cəmiyyətə tam adaptasiyasına nail olunmalıdır
İraqdan Azərbaycana repatriasiya edilmiş uşaqlar təhsilə cəlb olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, cari ildə ölkəyə gətirilən uşaqların təhsilə cəlb olunması prosesi Dövlət Komitəsi, Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin birgə səyi nəticəsində həyata keçirilir.
Bu il repatriasiya edilmiş 5-14 yaş arası uşaqlardan 125 nəfəri baza bilik səviyyəsinə uyğun olaraq, 5 səviyyə üzrə tədrisə başlayıb. Hər bir qrupda 5-6 uşaq olmaqla, 24 qrupda qruplaşdırılan uşaqlar üçün həftədə 3 dəfə, hər biri 3 saatlıq onlayn dərs keçirilir. Tədris ilinin əvvəlində uşaqların bilik səviyyəsinin yenidən qiymətləndirilməsi və yaşlarına uyğun ümumi siniflərə yerləşdirilməsi nəzərdə tutulur.
Uşaqların həmyaşıdları ilə bir sinifdə təhsil alması onların psixo-emosional inkişafı, sosiallaşma prosesinə mühüm təsir göstərdiyi üçün təhsil formasının seçilməsində bu amillərə də diqqət yetirilir.
Psixoloq Azad İsazadə isə hesab edir ki, bu uşaqların təhsilə cəlb olunması problemin həlli deyil. Reabilitasiya tədbirləri kompleks şəkildə aparılmalıdır.
Bu barədə "Şərq"ə açıqlama verən psixoloqun sözlərinə görə, müharibə görən uşaqlar istər-istəməz psixoloji travma alır, postdramatik sindrom yaşayırlar. Onların sivil cəmiyyətə adaptasiyası mühüm məsələdir:
"Psixologiyada "uşaq aləmi" deyilən bir anlayış var. Müharibə görən uşaqlar isə uşaqlara xas həyatı yaşamırlar. "Uşaq aləmi"nə görə uşaqların əsas işi oynamaqdır. İkinci işi bilik öyrənmək, üçüncüsü isə düzgün qidalanıb sağlam formalaşmaqdır.
Ekstremal həyat tərzi yaşayan uşaqlar bu cür həyat tərzindən məhrum böyüyür. Psixoloji reabilitasiyanın məqsədi isə həmin uşaqlara onlara xas həyat tərzini bərpa etməkdir.
Tədrislə paralel olaraq o uşaqlar daimi psixoloq nəzarətində olmalı və cəmiyyətə tam adaptasiyasına nail olunmalıdır. Düşünürəm ki, düzgün aparılan reabilitasiya tədbirləri ilə həmin uşaqların adaptasiyasına nail olmaq mümkündür.
Bunun üçün də pedaqoqlarla yanaşı uşaq psixoloqları və uşaq həkimləri onlara "uşaq aləmi"nin mahiyyətini praktik formada göstərməlidir".