Hər il Məhərrəm ayının 10-cu - Aşura günündə müsəlmanlar pirlərə, ziyarətgahlara axışır, Kərbəla hadisələrinin ildönümünü qeyd edirlər. Bu il isə Məhərrəm ayı koronavirusla bağlı yaranmış olduqca təhlükəli və riskli şəraitə təsadüf etdiyindən dini mərasimlərin icrası məhdudlaşdırılıb.
Daha doğrusu, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə məscidlər, ziyarətgahlar, pirlər ziyarətçilərin üzünə bağlıdır. Bu səbəbdən Məhərrəm ayında insanlara dualarını məscidlərdə deyil, evlərində etmələri tövsiyə olunur.
Millət vəkili Sədaqət Vəliyeva "Sherg.az"a açıqlamasında deyib ki, Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə səbəb ola bilər. Bu səbəbdən də deputat sağlamlığımız naminə Aşura mərasimini evlərimizdə ibadətlə, xüsusi yerlərdə qanvermə aksiyalarına qoşulmaqla keçirməyi tövsiyyə edir:
"Bu məsələdə xüsusi riskə getməmək və əldə olunan uğurların davamını təmin etmək başlıca şərtdir. Xarici ölkələrin təcrübəsi göstərir ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması həmin ölkələrdə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərir. Təsəvvür edin ki, İslamın vacib şərtlərindən biri olan Həcc ziyarəti belə dayandırılıb. Hətta, ölkədəki epidemioloji vəziyyət nəzərə alınmaqla, bu il Azərbaycanda Ramazan və Qurban bayramları ilə əlaqədar məscidlərdə ənənəvi bayram namazları qılınmayıb. Bütün dünyada kütləvi tədbirlər qadağan olunub, insanların bir yerə toplaşması prosedurlarını tənzimləyən xüsusi qaydalar tətbiq edilib”.
Millət vəkilinin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı, ekspertlər izdiham, mitinq, ayrı-ayrı mərasimlərin insan həyatı üçün ölümcül təhlükə olduğuna dair ardıcıl açıqlamalar, bəyanatlar verirlər:
“Azərbaycanda da mövcud vəziyyətdə Aşura mərasiminin məscidlərdə qeyd olunmamasında da qeyri-adi səbəb yoxdur. Bu, kütləvi tədbirlərlə əlaqədar bu vaxta qədər verilmiş qərarların məntiqi davamıdır. Müqəddəs Quranımız daim birlik və bərabərliyə, sosial məsuliyyətə və xeyirxahlığa çağırır. Bu baxımdan, insan sağlamlığının qorunması dinimizin əsas şərtlərindən biridir və onun yerinə yetirilməsi ilə bağlı hər birimizin üzərinə böyük məsuliyyət düşür. Buna görə də, kütləviliyi ilə seçilən, sosial məsafənin saxlanması mümkün olmayan Aşura mərasiminin izdihamla keçirilməsi, yürüşlər təşkil olunması, məscidlərin, ziyarətgahların qarşısında toplaşmaq insanlarımız və cəmiyyətimiz üçün böyük təhlükədir. Mən bir daha insanlarımızı kütləvi tədbirlərdən, toplanmalardan uzaq durmağa, sağlamlıqlarını qorumağa çağırıram. Düşünürəm ki, həmişə müqəddəs dəyərlərə hörmətlə yanaşan, nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərlərini hər zaman yüksək tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində hazırkı çətinliyi də geridə qoyacaq, dini tədbirlərini növbəti illərdə davam etdirəcək”.