Dünya peyvənd güzəştlərinə keçir

...Bizdə nə həvəsləndirici, nə də təşviqedici kampaniyalar var

Natiq Cəfərli: "Özəl şirkətlər, iri müəssisələr, biznes şəbəkələri də bunu edə bilər. Həvəsləndirici, təşviqedici kampaniyalar nə dövlət büdcəsi üçün böyük məsrəfdir, nə də özəl sektor üçün"


Türkiyənin Kayseri şəhərində yeməkxana sahibi “COVİD” pasportu ilə gəl, pulsuz kababa qonaq ol”, kampaniyası keçirdi. Nəticədə bölgələr arasında ən aşağı peyvəndləmə göstəricisi olan Kayseridə  rəqəmlər birdən-birə yüksəldi. Yeməkxana sahibi yerli mediaya açıqlamasında belə bir kampaniya ilə 2 məqsədə nail olacaqlarını düşündüyünü demişdi: “Həm insanlarımızı həvəsləndiririk, “COVİD” pasportunu əllərinə alıb, yeməkxanaya gəlir, bişirdiyimiz kababları nuşcanlıqla yeyirlər. Həm də bu kampaniya vasitəsilə peyvənd olunanların sayını artırmış oluruq, həm də yoluxma sayının artacağı halda iş yerimizin bağlanması təhlükəsini azaldırıq. İş yerimiz bağlanarsa, işçilər əziyyət çəkəcək.
Əmək haqqı ala bilməyəcəklər”. Bir bölgədə yaşayan və çalıçan sahibkar adi bir davranışla vaksinasiyaya bacardığı qədər dəstək olur. İnsanları da, lap olsun, azacıq, müvəqqəti, amma bütün hallarda sevindirə bilir və həvəsləndirir. Təəssüf ki, pandemiyanın davam etdiyi 2 ilə yaxın müddətdə biz buna bənzər kampaniyaların şahidi olmadıq. Olmuruq da.  Hökumət bir sıra addımlar atdı. Əsasən sərtləşdirilmiş karantin müddətində, SMS icazə tətbiq edildiyi zamanlarda əhalinin müəyyən təbəqəsinə 190 manat, vergi ödəyicisi olan sahibkarlıq subyektlərinə birdəfəlik maliyyə yardımı edildi. Məsələ məbləğin azlığında, çoxluğunda deyil. Hər halda, yardım oldu. Lakin uzun müddətdir ki, yardım kampaniyaları aparılmır. Ölkədə bu qədər biznes şəbəkələri, sahibkarlıq subyektləri, özəl şirkətlər fəaliyyət göstərdiyi halda, yardım kampaniyaları həyata keçirilmir. Söhbət, məhz indiki zamanda – peyvəndləmə aparıldığı vaxt həvəsləndirici, təşviqedici kampaniyalardan gedir. Məsələn, deyək ki, tanınmış marketlər şəbəkələri, paytaxtda bir neçə nöqtədə satış mərkəzləri olan iri alış-veriş mərkəzləri, brend məhsulların idxal və ixracatçıları nədənsə həvəsləndirici kampaniyalar keçirməkdə maraqlı deyil. Heç yadlarına düşmür. Halbuki hansısa “super store”lər, məsələn, əhaliyə “peyvənd vurdurana pulsuz çörək veriləcək”, yaxud “peyvənd olunanlara un məmulatlarında endirim” tipli elanlar vermək və bunu həyata keçirməklə vaksinasiya prosesinə böyük dəstək vermiş olar. 1-2 çörəklə, ya da un məmulatlarına endirim, güzəşt tətbiq etməklə kasıblaşmayacaqlar. Əksinə, müsbət imic əldə edəcək, daha yaxşı reklam olunacaq, əhaliyə dəstək olacaq, ümumilikdə dövlətin peyvəndləmə siyasətinə əməli kömək etmiş olacaqlar. 

Dünya güzəştlərlə “yarışır”: ipoteka ödənişləri, işıq, qaz... 

Xatırladaq ki, Birləşmiş Ştatların Prezidenti Cozef Bayden koronavirusdan vaksin edilən hər amerikalıya 100 ABŞ dolları ödəməyi təklif etmişdi, Maliyyə Nazirliyi də "Prezident bu gün ştatları və regionları, həmçinin yerli hakimiyyət orqanlarını peyvənd stimulunu artırmaq, ictimaiyyəti və insanların həyatını qorumaq üçün əlavə təşviq olaraq hər yeni vaksin olunan amerikalı üçün 100 dollar ödənişi təmin etməyə çağırdı. Maliyyə Nazirliyi yerli hakimiyyət orqanlarına texniki yardım göstərməyə hazırdır", - açıqlamasını vermişdi. Rusiyada hələ ötən il koronavirus səbəbiylə karantin müddəti üçün əhalinin kommunal ödənişlərdən azad olunması təklifi səslənmişdi. 

“Gürcüstanda pandemiya dövründə özünütəcrid, karantin və qoruyucu maskadan düzgün istifadə qaydalarını pozan şəxslər cərimələrdən azad olunacaqlar”.

Bunu Baş nazir İrakli Qaribaşvili xüsusi brifinqdə deyib. Müvafiq təşəbbüs parlamentə artıq təqdim olunub. Hökumət başçısı qeyd edib ki, söhbət ödənilməmiş cərimələrdən gedir: “Cərimələrin silinməsi 245 min vətəndaş və 344 hüquqi şəxsi əhatə edəcək. Ümumi məbləğ 76 milyon lari təşkil edir”.
Bizdə də ötən il Nazirlər Kabinetinin mətbuat xidməti "Aprelin əvvəlində əhaliyə ediləcək güzəştlərlə bağlı təkliflər açıqlanacaq, əhalinin müdafiəsi üçün işlər görülür", açıqlaması bu şəkildə verilmişdi: "Biznes dairələrə, hüquqi şəxslərə, muzdlu işçilərə, sosial müdafiəyə ehtiyacı olan əhalinin bu həssas qruplarına hansı güzəştlər olunacaq və dövlətin hansı formada dəstəyi olacaq, hansı mexanizmlər həyata keçiriləcək, bütün bunlar bir neçə işçi qrupunda müzakirə olunur. Aprelin əvvəlində bu təkliflər tam açıqlanacaq. Orada müxtəlif məsələlər var. Məqsəd budur ki, insanların itkiləri, koronavirusun yaratdığı problemlər minimallaşdırılsın. Amma istənilən halda xalqa dəstək olunacaq. Prezidentin göstərişi belədir, tapşırıq verilib və vəsait ayrılıb. 4 işçi qrupu da hazırda bu məsələlər ətrafında işləyir. Yaxın 4 gün ərzində qrupun hazırladığı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq. Bundan sonra isə qərar qəbul olunacaq". Amma heç bir təklif-filan, güzəşt də olmadı. 

Dünyanın müxtəlif ölkələrində karantin müddətində maliyyə yardımı paketləri təqdim olundu. Məsələn, ABŞ-da hər vətəndaşa 1000 dollar yardım, kiçik və orta şirkətlərə 200-300 milyard dollar dəstək, hava yolu şirkətlərinə 50-100 milyard dollar dəstək,  500 milyard dollar vergi endirimi. Almaniyada koronavirusa qarşı investisiya paketinin həcmi təxminən 550 milyard avro idi. Paketə əsasən vergidə endirimlər, işdən çıxarılmaların qarşısını almaq üçün kompensasiyaların  ödənilməsi, dövlət və ya dövlət idarələrinin çətinlikdə olan şirkətlərin hissələrinin satın alınması, dövlət sərmayələrinin artırılması daxil idi. İngiltərədə təxminən eyni yardım paketi təqdim olunmuşdu, məsələn, ölkənin ən kiçik 700 min firmasına 10 min sterlinq vəsait bağışlanacağı bildirilmişdi. Üstəlik ipoteka ödənişləri də üç aylıq  müddətə dayandırılmışdı. Fransada təşviq paketinə əhalinin təbii qaz, elektrik enerjisi  və kirayə ödənişlərindən azad olunması daxil idi. 

“Heş olmasa, vergi güzəştləri tətbiq edilsin”

“REAL” partiyasının sədr müavini, iqtisadçı Natiq Cəfərli “Şərq”ə açıqlamasında hazırkı həssas dönəmdə heç bir təşviq kampaniyasının aparılmamasının, hökumət tərəfindən hər hansı güzəştlərin tətbiq edilməməsinin yalnız təəssüf doğurduğunu bildirdi: 
- Hazırkı dönəmdə vaksinasiya ilə bağlı təşviqat və təbliğat kampaniyalarının aparılması vacibdir. Artıq bu, sosial sifariş həddinə çatıb. İlk növbədə buna dövlət səviyyəsində, rəsmi qərar verilməlidir. Biz görürük ki, müxtəlif ölkələr peyvəndləmə kampaniyasının sürətlə və gərəkən bir şəkildə davam etməsi üçün hər cür güzəştli kampaniyalara əl atılır. Kommunal xidmətlərdə güzəştlər tətbiq edənlər var, sahibkarlara vergi güzəştləri edənlər var və sair. İkincisi, məsələ, təkcə dövlətin hansısa addımı atmasında da deyil. Özəl şirkətlər, iri müəssisələr, biznes şəbəkələri də bunu edə bilər. Həvəsləndirici, təşviqedici kampaniyalar nə dövlət büdcəsi üçün böyük məsrəfdir, nə də özəl sektor üçün. Amma əhaliyə böyük dəstəkdir, nəzərəçarpan müsbət irəliləyişə nail olmaq fürsətidir. Hökumət də şirkətlərə, müəssisələrə müəyyən vergi güzəştləri tətbiq etməklə, müəyyən kəsirlərini bağlamaqla bu kampaniyaya dəstək verməlidir. Peyvəndləmədə təşviqat işləri dövlətin də, biznes şəbəkələrinin də üzərinə müəyyən məsuliyyət qoyur. 

N.Cəfərli qeyd etdi ki, hazırda əhali arasında peyvəndləmə kampaniyası arzuolunan səviyyədə deyil:  

- Əhalinin kütləvi peyvəndlənməsi üçün daxili resurslar zəifdir. Hamımız müşahidə edirik ki, poliklinikalar bu işin öhdəsindən lazımınca gələ bilmir, çünki imkanlar geniş deyil. Məsələn, Moskvada  böyük ticarət mərkəzlərində peyvənd otaqları təşkil olunub, ticarət mərkəzinə gələnlər elə oradaca peyvənd oluna bilir. Bizdə də belə edilə bilər. Nəhəng idman komplekslərimiz var. Niyə belə yerlərdə peyvəndləmə işi təşkil edilmir? Bundan başqa, səyyar tibb qrupları təşkil edilə bilər və peyvəndləmə həm də səyyar şəkildə aparılar. Poliklinikaya gedə bilməyənlər, paytaxtda qeydiyyatı olmayanlar, sənədsiz evlərdə yaşayanlar, əhalinin bir sıra həssas qruplarına səyyar peyvənd xidməti göstərilməlidir. Təsəvvür edin, şəxsiyyət vəsiqəsinin müddəti bitmiş vətəndaşlar var ki, peyvənd vurdura bilmir. Amma səyyar xidmət təşkil edilsə, biz peyvəndləmədə daha yüksək göstəriciyə nail olarıq. 
Mütəxəsssislər xalqa müraciət etməlidir

N.Cəfərli hesab edir ki, peyvəndləmə kampaniyasında tanınmış şəxslərin, ziyalıların iştirakı məqsədəuyğundur:

- Cəmiyyətdə tanınmış insanların nümayişkaranə şəkildə peyvənd vurdurması insanlara həmişə müsbət təsir edir. Xarici ölkələrdə biz bunu müşahidə edirik. Ən yüksək vəzifəli şəxslər açıq şəkildə peyvənd olunur və bu, efir vasitəsilə, sosial şəbəkələr vasitəsilə cəmiyyətə yayılır. Hökumətlər tanınmış simalardan da təbliğat məsələsində istifadə edirlər. Biz də bunu edə bilərik. Deyək ki, sevilən sənətkarımız Fəxrəddin Manafov, yaxud Alim Qasımov, ya bir başqası cəmiyyət qarşısında peyvənd olunsun və bunu təbliğ etsin.  Amma düşünürəm ki, mütəxəssislərin rəy bildirməsi, əhaliyə çağırış etməsi daha vacibdir. Məsələn, professor Akif Qurbanov danışanda insanlar ona inanır. Bilirlər ki, bu şəxs öz sahəsinin mütəxəssisidir. Eləcə də başqa həkimlərimiz, alimlərimiz. Hazırda peyvəndlə bağlı insanlar arasında tərəddüdlü bir vəziyyətdir. İnanan da var, inanmayan da.  İnamı möhkəmləndirmək üçün vəzifəli şəxslərin, tanınmış insanların, cəmiyyətə hörmətə, sevgiyə sahib simaların peyvənd olunduqlarını bildirmələri məncə, müsbət nəticəyə nail olmağa kömək edər. Tibb üzrə mütəxəssislərin çağırış etməsi isə bu baxımdan lazımdır ki, onlar məsələni tibbi tərəfdən izah edirlər. İnsanlar da inanır, güvənir.