Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Kərim Kərimli: “Dünya azərbaycanlıları daim mənəvi hücümda olmalıdır”


Bu günlərdə  Lyon (Fransa) Appelyasiya Məhkəməsi 2015-ci ildə erməni lobbisinin təhriki ilə əhalisinin əksəriyyəti erməni mənşəli fransızlar olan Sənt-Etyen, Burq-le-Valans, Desin-Şarpyö şəhərlərinin bir vaxtlar işğal altında olan  Şuşa və Xocavənd şəhərləri ilə qanunsuz imzalanmış əməkdaşlıq xartiyasına son qoyub. Artıq bir neçə ildir mübahisəli olan məhkəmə işi başa çatıb. Ermənilər əməkdaşlıq xartiyasının saxlanmasına çalışsalar da, Appelyasiya Məhkəməsi imzalanmış sənədin qeyri-qanuni olduğunu qətiyyətlə bildirib və əməkdaşlıq sənədini ləğv edib. Həmçinin, ermənilər məhkəmə xərclərini də ödəməli olublar.

Bununla da Fransadakı erməni lobbisi növbəti məğlubiyyət acısını yaşayıb. Amma məlumdur ki, nankor qonşularımız öz xəbis əməllərindən heç vaxt əl çəkmir. Yeri gəldi-gəlmədi Azərbaycana qarşı iddialar və ittihamlarla çıxış edirlər. Bu işdə ən böyük dəstəkçiləri də məhz xarici ölkələrdəki lobbiləridir. Ona görə də erməni lobbisini hər an susdurmaq gücündə olmalıyıq ki, xain niyyətləri baş tutmasın. 

Əslən Qarabağ bölgəsindən olan yazıçı-publisist, Şuşa sakini Kərim Kərimli “Şərq” açıqlamasında qeyd etdi ki, qəti qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsindən ötən 9 ay müddətində növbəti mərhələlərdəki ümummilli vəzifələr də kifayət qədər aydınlaşıb: 

- Fikrimcə, bu gün Azərbaycan Respublikasının – Azərbaycan Dövləti və Xalqının, dünyadakı bütün azərbaycanlıların BİR nömrəli vəzifəsi 44 günlük Vətən müharibəsinin nəticələrini möhkəmləndirməkdən, Qarabağın və digər ərazilərin hər qarışını istənilən an qorumağa və yenidən göz dikmək fikrinə düşənləri dərhal məhv etməyə hər an hərtərəfli hazır olmaqdan, ölkənin sərhədlərini bütün perimetr boyunca misilsiz müdafiə etməkdən ibarətdir. Bütün əsas qüvvələr də buna yönəldilməli, bu məqsədin xidmətinə nizamlanmalıdır. Bu məsələlər daxili siyasət çərçivəsində həll olunmalı olduğu qədər də, ola bilsin ki, hətta ondan azacıq artıq dərəcədə xarici siyasətlə də yoluna qoyulmalıdır. Həmin xarici siyasət sahəsinin bir qismi də məhz xaricdəki Azərbaycan diasporunun fəaliyyəti ilə bağlıdır.

K.Kərimli xatırlatdı ki, 1994-cü ilin noyabr ayında ABŞ-ın San-Fransisko şəhərində bir tədbirdə iştirak edib. Tədbirdə əvvəlcə ermənilərin mənafeyini müdafiə edən Linda Qrinberq adlı bir professor, K.Kərimlinin çıxışından sonra həqiqətləri bilmədən danışdığı üçün ondan üzr istəyib:

- Demək istəyirəm ki, diaspor böyük qüvvədir. O vaxtlar pul-para da yox idi, hər kəs kasıbçılıqla da olsa öz qeyrəti, təpəri hesabına səy göstərirdi. İndi Allaha şükür ki, ölkəmizin imkanları da genişdir. Diasporla iş komitəsi var. Dünyanın demək olar, hər tərəfində həmyerlilərimiz kifayət qədər yaxşı təşkilatlanıb. Yeri gələndə Vətəndən maliyyə dəstəyi də ala bilirlər. Ona görə də çoxsaylı müxtəlif və çoxşaxəli layihələr həyata keçirilə bilər. Bilirsiniz ki, bir millətin, bir dövlətin dünyanı fəth etməsinin ən yaxşı vasitələrindən biri məhz mədəniyyətin dünya boyunca addımlamasıdır. Azərbaycan xalqının yüz illər boyu yaratdığı mədəniyyət bu gün “sülh hücumu silahı”na çevrilməlidir. Dünyadakı diaspor təşkilatlarımızın bəziləri ilə, eləcə də xaricdə yaşayan və məramı Azərbaycan Respublikasına xidmət olan bir çox sanballı şəxsiyyətlərlə, hörmətli həmyerlilərimizlə yaxşı əlaqələrimiz var. Bəzən hətta birlikdə müəyyən addımlar da atırıq. Məsələn, Ukraynadakı həmyerlilərimizin üzdə olan, tanınan diaspor nümayəndələrinin tam əksəriyyətinin işini təqdirəlayiq hesab etmək və nümunə göstərmək olar. Bəzən isə ayrıca bir şəxsin işi, bir təşkilatın işindən də səmərəli olur. Yaxşı ki, xaricdə belə qardaşlarımız da var. Ancaq onu da deməliyəm ki, müxtəlif vaxtlarda müxtəlif hadisələr və ya həmin hadisələrin ildönümləri ilə bağlı “lal ördək” dəstəsi və ya təkrarçı “tutuquşu” qrupları göndərmək və onlara havayı yerə vəsait ayırmaq praktikasına son qoymaq lazımdır. Adam xəritədə Xocalının yerini göstərə bilmir, hər il xarici ölkələrdə Xocalıdan danışmağa göndərilir. Xarici ölkə vətəndaşı olan, lakin Azərbaycan həqiqətlərinə laqeyd olmayan, həmişə həqiqətin və ədalətin tərəfini saxlayan tanınmış simalara da diqqət yetirmək lazımdır. Xaricdə yayılması üçün ən müxtəlif çeşidli ədəbiyyat, incəsənət və sənət nümunələrinin yaradılması da vacib amillərdəndir. Bir sözlə daim bütün cəbhə boyu mənəvi hücumda olmalıyıq. Fikrimi belə yekunlaşdıra bilərəm ki, qılınc və qələm daim paralel addımlamalıdır. Əgər Azərbaycan xalqını da, Azərbaycan Respublikasının müstəqilliyinin də əbədi hesab ediriksə, biz də əbədi olaraq kökdə olmalı, qarovul postunda bir-birimizi müntəzəm olaraq əvəz etməklə təhlükəsizliyimizi və qələbəmizi də əbədi və dönməz etməliyik. Başqa yol yoxdur!