“Ermənilərin Qarabağdakı bazaları vurulmalıdır”  - Təxribata son! 

“Əgər vurulmasını istəmirlərsə,  rus "sülhməramlıları" həmin ərazilərdəki ermənilərin çıxarılması üçün qəti addımlar atmalıdır”

“Rusiya etməsə, Azərbaycan tərəfi deməlidir ki, buna qarşı adekvat addım atacağıq"

“Nə vaxt Ermənistan baş naziri Nikol Paşinyan Rusiyaya səfər edirsə, onun ardınca təxribatlar daha da artır” 



Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyi yeni məlumat yayıb. Bildirilib ki,  oktyabrın 14-də Füzuli rayonu istiqamətində kəşfiyyat məqsədilə Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilərək ələ keçirilib.

Ermənilər 44 günlük Vətən müharibəsinin yaratdığı reallıqla barışmaq istəmirlər.  Azərbaycanın xoşməramlı addımlarına baxmayaraq, onlar təxribat hərəkətlərdən əl çəkmirlər. 


Mövzu ilə bağlı “Sherg.az”a danışan "Atlas" Araşdırmalar Mərkəzinin eksperti, politoloq Samir Hümbətov deyib ki, 10 noyabrda imzalanan üçtərəfli bəyanatın şərtlərinə əsasən, Rusiya sülhməramlılarının funksiyası tərəflər arasında uzun müddətli atəşkəsin qorunub saxlanılmasıdır:

"Amma "Rus sülhməramlıları "sülhməramlı" deyil. Görünür ki, onların qanundan kənar əsas vəzifəsi Qarabağda məskunlaşan ermənilərin izolyasiya prosesini davam etdirməkdir. Sülhməramlılar azərbaycanlılara qarşı basqı etməyə çalışır. Onlar imkan versə, ermənilər azərbaycanlılarla normal münasibət saxlaya bilər".

S.Hümbətov ermənilərin təxribatlara davam etməsinin bir gerçəklik olduğunu diqqətə çatdırıb:

"Bu təsadüfdürmü, yoxsa daimi vəziyyətdir, bilmirəm. Nə vaxt Ermənistan baş naziri Nikol Paşinyan Rusiyaya səfər edirsə, onun ardınca təxribatlar daha da artır. Qarabağ ərazisində ermənilərin hələ də qalan postları məhv edilməli, bazaları vurulmalıdır. Əgər vurulmasını istəmirlərsə,  rus "sülhməramlıları" həmin ərazilərdəki ermənilərin çıxarılması üçün qəti addımlar atmalıdır. Rusiya etməsə, Azərbaycan tərəfi deməlidir ki, buna qarşı adekvat addım atacağıq".