"İsraillə daha dərin əlaqələrin qurulmasına ehtiyac var"

Azər Qasımov: "Təhlükəsizlik orqanlarının qarşılıqlı inteqrasiyası ilə yanaşı, müxtəlif strateji və siyasi əlaqələrin birlikdə yürüdülməsi daha yaxşı olardı"

İsrail Azərbaycanın ehtiyac duyduğu hər bir sahədə əməkdaşlıq etməyə hazırdır. Bunu Gəncədə səfərdə olan İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib. Səfir ölkəsinin Qarabağın bərpa olunmasında Azərbaycana kömək etməkdə çox maraqlı olduğunu vurğulayıb: “Ötən həftə Bakıda “Rebuild Karabakh” sərgisi keçirilib. Həmin sərgidə İsrail şirkətləri də iştirak edib. 

İsrail Azərbaycanın ehtiyac duyduğu hər bir sahədə əməkdaşlıq etməyə hazırdır. Düşünürük ki, bu, kənd təsərrüfatı, suyun idarə edilməsi və digər sahələr ola bilər. Bir il əvvəl buraya səfər etmiş, burada dayanmış, mülki insanların yaşadığı əraziyə endirilən zərbələrin nəticələri ilə tanış olmuşdum. Bir il sonra yenə buraya gəldim və dağıntıların yerində ümid və gələcəyə baxış gördüm”. Dik Gəncədə zərbələrə məruz qalan insanların qorxmadığını, həyata davam etdiklərini bildirib: “Dövlət də, hökumət də insanlara kömək edərək ərazini bərpa edir, yeni yaşayış binaları tikir”. İsrailin ölkəmizdəki səfiri Gəncəyə səfər çərçivəsində uşaq evinə gedəcəklərini də söyləyib: “Uşaqlara İsraildən hədiyyələrimiz var. Həmçinin onların ehtiyacı olan istilik sistemini gətirmişik. Bu, simvolik bir jestdir. Dostluğumuzu, həmrəyliyimizi göstərmək üçün buradayıq. Bir il əvvəl buraya gələndə, zərbələrdən zərər çəkən insanlarla görüşəndə onlara kömək etdik, onlara istilik qurğuları gətirmişdik. Bugünkü səfər çərçivəsində də oxşar şeylər edirik, amma bunun mahiyyəti tamamilə fərqlidir. Çünki biz o vaxt zərər çəkən insanlara kömək edirdik, indi isə gələcəyə ümidlə baxan insanlara gələcək qurmağa kömək edirik. 44 günlük müharibənin 1 illiyini qeyd edəndə biz daha yaxşı, sülh dolu gələcək qurmağa çalışırıq. Həm Azərbaycanda, həm də bölgənin digər ölkələrində insanlara kömək etmək istəyirik ki, sülh içərisində yaşasınlar”. 

İsrail səfiri Corc Dikin Gəncə səfərini və açıqlamalarını “Şərq”ə dəyərləndirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, İsrail Azərbaycan üçün təkcə önəmli və strateji müttəfiq deyil, eyni zamanda tarixi bağları olan dövlətdir. Analitikə görə, Azərbaycan-İsrail birliyi bizim üçün Türkiyə-Azərbaycan qardaşlığı qədər önəmlidir: 

“Bu dostluq özünü ölkələrimizin qarşılıqlı fəaliyyətində göstərir. Azərbaycan dünyada tək müsəlman ölkəsidir ki, yəhudi xalqının nümayəndələri burada özünü vətənlərində olduğu kimi hiss edirlər. İsrail dövləti daima Azərbaycanın yanındadır. Bunu müharibə dövründə hiss etdik. Əməkdaşlığımızın getdikcə artması hər iki dövlətin mənafelərinə uyğundur. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanın İsraildən hərbi təchizat, silah-sursat aldığı məlumdur. Kənd təsərrüfatı, enerji daşıyıcıları, tibb sahəsindəki əməkdaşlıq özünün ən yüksək dövrünü yaşayır”.

A.Qasımov qeyd edib ki, əməkdaşlığın yeni yollarını tapmaq və inkişaf etdirmək mütləqdir: 

“İsrail Qarabağın dirçəldilməsində mühüm rol oynaya bilər. İsrailin kənd təsərrüfatı sahəsində sahib olduğu texnologiyalar Qarabağda təsərrüfatın yenidən qurulmasında böyük rol oynayar. İsraillə hərbi sahədə də əməkdaşllq üçün böyük imkanlar var. Bura raket texnologiyalarının istehsalı kimi sahənin Azərbaycanda qurulması da daxildir. Azərbaycan və İsrailin bundan sonra bir-birilərindən ayrılması və ya əlaqələrin zəifləməsi kimi bir durumun olmamasını nəzərə alıb, iki ölkə arasında daha dərin əlaqələrin qurulmasına ehtiyac var. Təhlükəsizlik orqanlarının qarşılıqlı inteqrasiyası ilə yanaşı, müxtəlif strateji və siyasi əlaqələrin birlikdə yürüdülməsi daha yaxşı olardı. Azərbaycan İsraildə mütləq səfirlik açmalıdır. Bu addım atılarsa, əlaqələrin yeni dövrünün başlandığının mesajı verilər. İsrail-Azərbaycan dostluğu və qardaşlığı əbədidir və bunun daim belə olacağı heç kimdə şübhə doğurmamalıdır”.