Oxucular ən çox Rəsulzadənin kitabını seçiblər

Demək yaxşı kitabı alırıq və oxuyuruq, evimizin ən yaxşı köşəsində saxlayırıq

“Mücrü” Nəşriyyatı 2021-ci ilin sentyabr və oktyabr aylarında ən çox satılan kitabların siyahısını təqdim edib. Siyahıda birinci yerdə Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” kitabıdır. İkinci pillədə isə jurnalist-publisist, həmkarımız Ramilə Qurbanlının “Bir saatda tarix” seriyasında nəşr olunmuş “Zülməti yaranlar” kitabıdır. Sonrakı yerlərdə Jorj Simenon. “Meqrenin yeni təhqiqatları” (detektiv hekayələr), Çarlz Darvin. “Təkamül həqiqəti” (araşdırma), Cəlil Cavanşir. 

“Eşq və intihar” (motivasiya), Xanım Anela. “Yuxuların oğrusu” (roman), Erix Kempka. “Hitleri mən yandırmışam” (Bir saatda tarix seriyası), Herman Hesse. “Uşağın qəlbi” (uzun hekayə), yenə də həmkarımız – yazıçı, jurnalist Natiq Məmmədlinin “Sev” romanı və sair kitablar qərarlaşıb. Həmkarımızın əsərinin ikinci pillədə olması əlbəttə sevindiricidir. Daha artıq qürurverici isə ilk pillədə Məhəmməd Əmin Rəsulzadənin kitabının olmasıdır. Demək, kitablar alınır, satılır. 

Vəziyyət bəzilərinin iddia etdiyi kimi pis deyil. Hər kitabın öz oxucusu və alıcısı var. Yazıçı-publisist Ramilə Qurbanlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, yaxşı kitabın alıcısı həmişə olub:  

- Bu fakt məndə o qənaəti yaratdı ki, yanılmamışam, kitab hər zaman oxunub, oxunur. Sadəcə, indinin oxucusu daha çox qurmandır. Özümüzə baxaq, biz də oxucuyuq, yaxşı kitabı alırıqmı, alırıq. Baha da olsa, maddi imkanımız aşağı da olsa yaxşı kitabı alırıq və oxuyuruq, evimizin ən yaxşı köşəsində saxlayırıq.