Urmu gölü "koma" vəziyyətindədir

Tədbir görülməzsə, 15 milyondan çox güneyli soydaşımız köç etmək məcburiyyətində qalacaq

"Bütün bunlar bir daha sübut edir ki, Urmu gölünün qurudulması sadəcə ekoloji böhran deyil, illərdir soydaşlarımıza qarşı aparılan assimilyasiya siyasətinin tərkib hissəsidir"


“Son günlər Urmu gölü ilə bağlı yaranmış faciəli durumun acı nəticələri haqqında güneyli soydaşlarımızın sosial şəbəkələrdə və mətbuatda  həyəcanla yaydığı məlumatları ağrı-acı ilə izləyirik”. Bu barədə Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli deyib. Partiya rəhbəri bildirib ki, yayılan məlumatlarda Urmu gölünün artıq “koma” vəziyyətində olduğu və bu səbəbdən bölgə əhalisi olan azərbaycanlıların həyati təhlükə ilə üzləşdiyi deyilir. Onun sözlərinə görə, təcili tədbirlər görülməzsə, 15 milyondan çox güneyli soydaşımız köç etmək məcburiyyətində qalacaq: 

“İllər öncə böhranla bağlı ilk işartılar ortaya çıxanda İran hökuməti problemin həlli ilə əlaqədar müəyyən qərarlar qəbul etdi, öhdəliklər götürdü. Təəssüflər olsun ki, bu qərarlar kağız üzərində qaldı və məsələnin köklü çözülməsi üçün demək olar ki, heç bir əməli addım atılmadı. Yerli azərbaycanlılardan ibarət olan bölgə əhalisinin əsas məşğuliyyəti göllə bağlıdır. Gölün quruması nəticəsində bölgədə ekoloji tarazlıq pozulur ki, bu da insanların burada yaşamasını, əkinçilik və maldarlıqla məşğul olmasını mümkünsüz edir. Nəticədə yerli əhali çıxış yolunu İranın digər bölgələrinə köçməkdə görür. Bu isə yerli azərbaycanlıların kompakt yaşamağının qarşısını alacaq və assimilyasiya prosesini sürətləndirəcək. Bir daha aydın olur ki, İran hakimiyyətinin Urmu gölünün qurumasına laqeyd yanaşmasının məqsədi Qərbi Azərbaycan əyalətindəki əhalinin ərazidən köçürülməsi prosesini sürətləndirməkdir. Tarixi dövlətçiliyimizin qədim istinadı olan Urmiya şəhərini məhv etməkdir”. 

A.Əsədliyə görə, güneyli soydaşlarımız etiraz əlaməti olaraq vaxtaşırı aksiyalar keçirsə də, rejimin təzyiq və təqiblərinə məruz qalır, həbs edilirlər:

 “İndiyə qədər onlarla aktivist və jurnalist bu səbəbdən İran rejimi tərəfindən həbs olunub. Bütün bunlar bir daha sübut edir ki, Urmu gölünün qurudulması sadəcə ekoloji böhran deyil, illərdir soydaşlarımıza qarşı aparılan assimilyasiya siyasətinin tərkib hissəsidir. Azərbaycan Yüksəliş Partiyası Urmu gölünün qurudulması ilə bağlı İran hakimiyyətinin bəşəri və milli haqlara yönəlmiş mənfur siyasətini kəskin şəkildə pisləyir. Tezliklə problemin həll edilməsi istiqamətində əməli işlər görməyi tələb edir. Ölkədə və dünyanın müxtəlif yerində fəaliyyət göstərən ictimai və siyasi təşkilatlarımızı, cəmiyyəti və dövləti yaranmış siyasi-ekoloji böhranın acı nəticələrinə diqqət etməyə və məsələnin həlli üçün mümkün rıçaqlardan istifadə etməyə çağırırıq”.