Azərbaycan- Gürcüstan hərbi əməkdaşlığı: ”Yeni planlar qurulur”


“Azərbaycan praktik bilgilərini Gürcüstanla bölüşə bilər”

“Lakin rəsmi Tbilisinin bilgilərdən nə qədər istifadə edəcəyi  müəyyən faktorlardan aslıdır”

Dekabrın 22-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə  Z.Həsənov birgə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. Bunun ölkələrimizin inkişafı ilə yanaşı bütün regionda təhlükəsizliyin təmin edilməsində də mühüm rol oynadığını xüsusi vurğulayıb. 

Birgə təlimlərin əhəmiyyətini qeyd edən nazir Gürcüstanda keçirilən “Eternity-2021” kompüter dəstəkli üçtərəfli birgə komanda-qərargah təliminin ölkələrimiz arasında dostluğun və sarsılmaz əməkdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Müdafiə naziri həmkarına Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə görülən işlər barədə məlumat verib.

Azərbaycana səfər etməsindən məmnunluğunu ifadə edən C.Burçuladze bunun ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsi olduğunu qeyd edərək əməkdaşlığımızın genişləndirilməsi baxımından bu cür görüşlərin zəruriliyini xüsusi vurğulayıb. Gürcüstanın müdafiə naziri Vətən müharibəsində qazanılan qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib. Regionda sülhün bərqərar olmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığı xüsusi vurğulanıb. Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə ikitərəfli, eləcədə üçtərəfli birgə hərbi əməkdaşlıqların inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə tərəflər hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Görüşün sonunda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planı" imzalanıb.

Gürcüstanla Azərbaycanın hərbi sahədəki əməkdaşlığını "Sherg.az"a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov açıqlamasında bildirib ki, Gürcüstan Azərbaycanla dost ölkədir:

"İki ölkəni bir-birinə bağlayan enerji kəmərləri var. Demək olar, Müdafiə Nazirliyinin görüşü mütəmadi olaraq keçirilir. İki dost ölkənin nazirləri bir araya gələndə, ilk növbədə təhlükəsizlik , o cümlədən  hərbi əməkdaşlıq məsələləri  istiqamətində yeni planlar qurulur. Rəsmi Tbilisi və Bakının silahlı qüvvələrinin inkişafı ilə əlaqəli müəyyən qərarlar qəbul edilir. Artıq Gürcüstan və Azərbaycan birgə təlimləri hər dəfə reallaşır. Bu təlimlərin əsas məqsədi kəmərlərin təhlükəsizliyini təmin etmək, eyni zamanda iki ölkənin müştərək  hədəflərə nail olaraq birgə fəaliyyət göstərməkdən ibarətdir".

Ş.Ramaldanovun sözlərinə görə, Azərbaycan regionda sülhü qoruyan ölkə funksiyasını daşıyır:

"Cənubi Qafqazda ən güclü olan Azərbaycan Ordusunun əsas məqsədi sülhü qorumağa yönəlib. Əlbəttə, Azərbaycan müharibədə zəfər qazanmış tərəf kimi, digər ölkələr daxil olmaqla, Gürcüstana da savaş təcrübəsi çox maraqlıdır. Təcrübədən faydalanmaq üçün birgə tədbirlər təşkil edilir. 

Ermənistan həm Azərbaycan, həm də Gürcüstanla qonşudur. Regionda Ermənistanın revanşist çıxışları, sülhü təhlükə altına ala biləcək amilləri nəzərdən keçiriləcək. Baş tutan görüş hər iki ölkə üçün faydalı, səmərəli olacaq".

Polkovnik hesab edir ki, Azərbaycan praktik bilgilərini Gürcüstanla bölüşə bilər. Lakin rəsmi Tbilisinin bilgilərdən nə qədər istifadə edəcəyi  müəyyən faktorlardan aslıdır:

"Əsas faktor da Rusiyadır. Azərbaycan torpaqlarını geri qaytarmasına, Gürcüstanın torpaqlarını azad etməsi ilə eyni prizmadan baxmaq lazım olduğunu düşünmürəm. Öz torpaqlarına sahib çıxmaq hər ölkənin şəxsi işidir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev diplomatiya sahəsində böyük işlər görüb, nailiyyətlıər qazanıb. O, birinci qələbəni məhz diplomatiyada qazandı. Bu da qısa müddət  ərzində əzəli torpaqlarımızı işğaldan azad edib ərazi bütövlüyünü təmin etməyə şərait yaratdı. Aprel hadisələrindən sonra Prezident demişdi ki, Azərbaycanla Ermənistanı təkbətək qoysalar, Azərbaycan Ordusu işğalçıları darmadağın etməyə qadirdir. Buna da nail olundu, Ordu öz sözünü dedi".