Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Qazaxıstanın tezliklə sabitliyə, dincliyə və barışa qovuşmasını istədiklərini bildirib. O qeyd edib:
"Bununla bağlı Türkiyə və Türk Dövlətləri Təşkilatı olaraq hər cür dəstəyi verəcəyik".
M.Çavuşoğlu çıxışında Qazaxıstandakı proseslərlə bağlı bunları söyləyib:
“Türkiyənin xarici siyasətdə özünəməxsus yeri vardır. Biz hər hansı yerdə yaşayan soydaş və qohum birliklərinin dərdini öz dərdimiz kimi görürük.Türk dünyasının gələcəyi bizim qayğımızdır. Bu baxımdan Qazaxıstanda baş verən hadisələrdən kədərlənirik. Ölkədə baş verən prosesləri yaxından təqib edirik. İstəyimiz tezliklə Qazaxıstanın sabitliyə, dincliyə və barışa qovuşmasıdır. Bunun üçün Türkiyə olaraq, Türk Dövlətləri Təşkilatı olaraq hər cür dəstəyi verəcəyik. Digər üzv ölkələrin də, yəni bütün Türk dünyasının dərdi bizim də dərdimizdir. Bunu bütün dünya Qarabağ zəfərində gördü."
Türkiyənin Qazaxıstana dəstəyi ilə bağlı "Sherg.az"a danışan siyasi analitik Turab Rzayev bildirib ki, söhbət psixoloji, siyasi, mənəvi dəstəkdən gedə bilər:
"İndiki dövrdə Türkiyə və Türk Dövlətləri Birliyinin açıq şəkildə hərbi yardım verəcəyini düşünmürəm. Hərbi dəstək vermək üçün tərəflər bəllidir. Qazaxıstana xarici ölkə hücumu olsaydı, o zaman Türkiyə, Azərbaycan, eləcə də, Türk dövlətləri birliyi bu aqressiyanın qarşısında dayanıb mövqesini ortaya qoyardı. Hər cür mənəvi, lojistik, hərbi, iqtisadi, madii dəstəyi həyata keçirərdi. İndi isə Qazaxıstan dövlətinin daxilində müəyyən proseslər baş verir. Qazaxıstandakı vəziyyətin səbəbi ölkədaxili klanlararası mübarizə, qiymət artımı və sosial rifah səviyyəsindən bezmiş əhali ilə dövlət arasında qarşıdurma ola bilər. Bundan başqa , məlum vəziyyət ölkədaxilini gərginləşdirmək üçün xaricdə yetişən bəzi şəxslərin qarışdırma istəyindən irəli gələ və yaxud Rusiyanın Qazaxıstandakı müəyyən dairələrinin ssenarisi ola bilər".
Analitikin sözlərinə görə, hər bir addımla bağlı Türkiyə hökuməti parlament qarşısında cavab verir:
"Qazaxıstan Rusiyadan kömək istədiyi üçün Türkiyəyə üz tutmayacaq. Türkiyə hökuməti hansı halda hərbi şəkildə Qazaxıstan hökuməti daxilində baş verən prosesdə iştirak edə bilər? Bu absurd görünür. Ümumi arzumuz, Qazaxıstanda sülhün qayıtması, iğtişaşların səngiməsi, hökumət ilə əhali arasında dialoqun formalaşması və davam etməsidir. Qazaxıstan hökumətindən əhali üçün kömək istəyi daxil olarsa, dəstəyimizi əsirgəmərik".