"Xruşşovka" və "Minsk"  evlər bir-bir söküləcək


"Şərtlər imkan verdikcə, sakinlər ya köçürüləcək, ya da həmin ərazilərdə yeni yaşayış massivləri tikiləcək"

Bakının Nizami rayonunda bəzi yaşayış binalarının sökülməsinə başlanılıb. Bunlar Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binalardır. Həmin binalardan artıq sakinlərin köçürülməsinə başlanılıb. Qeyd edək ki, söküntü aparılan ərazidə yerləşən binalar ötən əsrin 40-60-cı illərində inşa olunmuş "Minsk" və "Xruşşovka" layihəli beşmərtəbəli binalardır. Sökülən binaların yerində nə tikiləcək? Nəzərə alsaq ki, son illərdə paytaxtın memarlıq ansamblına uyğun gəlməyən binalar getdikcə artır, bu da növbəti uyğunsuzluq olmayacaq ki?

“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, ötən illərdən fərqli olaraq paytaxtda yaşayış binalarının tikintisi ilə bağlı yeni standartlar müəyyənləşib. Tikinti layihələrində yerləşmədən asılı olaraq ərazi sıxlığı və şəhərsalma qaydalarına uyğunluq nəzərə alınır. Əvvəlcədən layihəyə baxılır, əgər qaydalara uyğundursa, tikintiyə icazə verilir. Ərazinin sıxlığı imkan verdiyi halda yaşayış binasının tikintisi mümkün olur. Məskunlaşma qaydalarına uyğunsuzluq olduqda isə sakinlər başqa əraziyə köçürülür. Bütün hallarda sıxlıq əmsalına uyğun qərar verilir. Mövcud şərtlər imkan verəcəyi təqdirdə sökülmüş binaların yerində yeni yaşayış massivi salınacaq. Şəhərin mövcud simasının saxlanması şərti ilə.
Amma imkanlar məhduddursa, ümumən ərazi əlverişsizdirsə, orada istirahət guşəsi, yaşıllıqlar, park salına bilər.

R.Osmanlı “Xruşşovka”, “Minsk” layihələri binalardakı mənzillərə tələbatın da getdikcə azaldığını bildirdi:

 - Bakıda ən kiçik mənzilli binalar “Xruşşovka”lar sayılır, “Minsk” layihəsində də demək olar, mənzillərin ölçüsü elə “Xruşşovka”lardakı kimidir. Bu binalar İpoteka proqramına cəlb edilmədiyindən, sığortadan da kənarda qalır. Ona görə tələbat da azalır, qiymətləri də ucuzlaşır. O binaların əksəriyyəti beton konstruksiyalardan ibarətdir və texniki istismar müddəti başa çatıb. Soruşa bilərsiniz ki, bəs niyə binalar hələ də qalmaqdadır. Hökumət mövcud imkanları daxilində bu problemi həll etməyə çalışır. Paytaxtda bu cür binalar kifayət qədər çoxdur. Şərtlər imkan verdikcə, sakinlər ya köçürüləcək, ya da həmin ərazilərdə yeni yaşayış massivləri tikiləcək.