"Vikipediya"nın digər dil bölmələrində fəallığı artırmalıyıq” - Ermənilər boş dayanmırlar! 



"Vikipediya" dünyanın ilkin məlumat mənbəyi kimi istifadə etdiyi internet şəbəkəsidir. 2001-ci ildə yaradılmış azad onlayn ensiklopediyadır. Hər bir internet istifadəçisi Vikipediyaya məlumat yerləşdirə bilər. Lakin Azərbaycanla bağlı məlumatlarda əksikliklər, informasiya azlığı nəzərə çarpır. 

İkinci Qarabağ müharibəsi ərəfəsində, əvvəl və sonra da erməni qüvvələri "Vikipediya"da fəallıq göstəriblər. Azərbaycana münasibətdə qərəzli yanaşma bəsləyirlər.  Ermənilərin daim özününküləşdirməyə çalışdıqları Qarabağın işğaldan azad edilməsi onun tarixinin yenidən öyrənilməsi zərurətini artırır. Mütəxəssislər deyirlər ki, buradan bəzən siyasi məqsədlər üçün də istifadə olunur.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən  diaspor üzrə araşdırmaçı-ekspert, “Vikipediya” üzrə mütəxəssis Elnur Eltürk bildirib ki, “Vikipediya”da dövlət dəstəyi anlayışı yoxdur:

"Dövlətin onu dəstəkləməsi məsələsi Vikipedia Fondu tərəfindən də başqa məna yaradır. Bu məsələdə ehtiyatlı davranmaq lazımdır. Müəyyən stimullaşdırıcı addımların atılması labüddür. Xüsusilə, akademik və elmi dairələrlə əməkdaşlıq edərək, "Vikipediya"nın inkişafına nail olmaq mümkündür. Ali təhsil ocaqlarının prosesə qoşulması işi daha da irəli aparır. Ölkənin intellektual kəsiminin prosesə dəstək verməsi istədiyimiz kimi nəticənlənə bilər. “Vikipediya” bilik, elm və düşüncə platformasıdır. 

Bu gün sözügedən istiqamətdə yetərincə qruplar fəaliyyət göstərir. Mərkəzi Elmi Kitabxanada könüllü “viki” qrupun, Azərbaycan Vikipediya İcması, “Qorqud” Vikipediya Metodik Klubunun könüllü və ekspertləri  ölkədə "Vikipediya"nın zənginləşdirilməsində böyük rol oynayır".

Ekspertin sözlərinə görə, erməni istifadəçilər də boş dayanmırlar: 

"Onlar fəaliyyətlərini gücləndirməyə çalışırlar. Bu gün biz fəaliyyətimizi hansısa dil bölməsi ilə müqayisə etməməliyik. Çalışıb keyfiyyətli, məzmunlu və akademik məqalələrin yaradılmasına müvəffəq olmalıyıq. Azərbaycan dil bölməsi kifayət qədər inkişaf etməkdədir. Müxtəlif mövzular ətrafında məqalələr yaradılır. 

Biz nəinki, Azərbaycan dil bölməsində, çalışıb "Vikipediya"nın digər dil bölmələrində fəallığı artırmalıyıq. Elmi, akademik mövqeyimizi müdafiə edən mənbələrlə işləməliyik. 

Dünyanın nüfuzlu jurnallarında Azərbaycana aid məqalələrin çap olunmasını əldə etməliyik. Həmin mənbələr könüllülərin müzakirələrdə mövqelərinin güclənməsinə təkan verəcək".