MİDA-nın suçu yoxdur

Söhbət ”Güzəştli mənzil” informasiya sisteminə ciddi, qeyri-qanuni müdaxilədən gedir

Hər nə qədər baş verən nöqsan və manipulyasiyalar MİDA-dan qaynaqlanmasa da, agentlik növbəti onlayn satış üçün qanunsuz müdaxilə ehtimalı olmayan obyektiv və şəffaf bir sistemə keçilməlidir


Dövlət Təhlükəsizlik Xidməti Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tərəfindən təşkil edilən güzəştli mənzil satışı sisteminə müdaxilə edən şəxsləri məsuliyyətə cəlb edib. Saxlanılan "kibercinayətkarlar" pul müqabilində 442 mənzilin güzəştlə satışı prosesi yerinə yetirilərkən informasiya sisteminə daxil olaraq xüsusi kompüter proqram təminatları istifadəsi ilə müxtəlif insanların xeyrinə müdaxilə ediblər. “Güzəştli mənzil” informasiya sisteminə daxil olub kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə edən “kibercinayətkarlar” bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurublar.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılıb.
Həyata keçirilmiş tədbirlər nəticəsində Elçin Məmmədov, Ruslan Hacıyev, Firudin Hüseynov, Yunis Lətifzadə, Tərlan Abdullayev və Cavid Məmmədov şübhəli bilinərək təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edilib. 
Qeyd edək ki, MİDA "Güzəştli mənzil" informasiya sisteminə müdaxilə müşahidə edib və agentliyin şəffaf fəaliyyətinin təcəssümü kimi bu məsələnin araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə özü  müraciət edib.

Hüquqşünas Ələsgər Məmmədlinin “Şərq”ə açıqlamasına görə, kompüter sisteminə və kompüter məlumatlarına qanunsuz müdaxilə edən şəxslər və bu işin təşkilatçıları birmənalı olaraq hüquqi cəzasını alacaq: 

"Bizim üçün burada xüsusi əhəmiyyət kəsb edən məsələ odur ki, məsələnin araşdırılması üçün aidiyyəti quruma MİDA özü müraciət edib. Demək, burada söhbət ”Güzəştli mənzil” informasiya sisteminə ciddi, qeyri-qanuni müdaxilədən gedir. Növbəti mərhələlərdə bu riskləri önləmək üçün MİDA güzəştli mənzil satışı sistemini yenilənməli, sistemin İT auditini təşkil etməli, təhlükəsizliyini gücləndirməli, daha müasir texnologiyalardan istifadə etməli, peşəkar mütəxəssisləri cəlb etməlidir.
Ümumiyyətlə, agentlik satış metodunu yeniləməklə prosesin daha təkmil olmasına çalışmalı, alternativ güzəştli mənzil satışı üsulu təklif etməlidir. Faktiki olaraq proses arzuolunan, ən əsası isə qanunda nəzərdə tutulan formatda getmir". 
Ə.Məmmədlinin sözlərinə görə, xüsusi qruplar tərəfindən təşkilatlanan proqramistlərin informasiya texnologiyaları sahəsində xüsusi kompüter proqram təminatlarından istifadə edərək mənzillərin seçimi prosesinə aşkar müdaxilə etməsi adi məsələ deyil: 

"Əgər kompüter proqramlarından başı çıxan istənilən şəxs xüsusi proqram təminatı hazırlayaraq MİDA-nın satış prosesinə asanlıqla müdaxilə edə bilirsə, demək ki, agentliyin metodu düzgün deyil. Hər nə qədər baş verən nöqsan və manipulyasiyalar MİDA-dan qaynaqlanmasa da,  agentlik növbəti onlayn satış üçün qanunsuz müdaxilə ehtimalı olmayan obyektiv və şəffaf bir sistemə keçilməlidir. Zənnimcə, güzəştli mənzillərin satış prosesi hansısa platformada canlı yayımlanıb püşkatma yolu ilə həyata keçirilsə insanlarımız da məmnun qalar”.