Dövlət sektorunda informasiya təhlükəsizliyi və kibertəhdidlərə qarşı mübarizə yetərli deyil
“Son illər dövlət sektorunda informasiya təhlükəsizliyinin qorunması və kibertəhdidlərə qarşı mübarizə istiqamətində xeyli müsbət addımlar atılıb. Elə 44 günlük Vətən müharibəsi zamanı da bunun şahidi olmuşuq. Lakin MİDA-da baş verənlər onu göstərir ki, dövlət sektorunda təhlükəsizliklə bağlı görüləcək işlər də hələ çoxdur”.
Bu sözləri “Şərq”ə açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Dövlət qurumlarının informasiya təhlükəsizliyinin təminatı ilə bağlı sualımıza gəldikdə isə ekspert deyib ki, 17 aprel 2021-ci il tarixdə Prezident “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” fərman imzalayıb:
“Bu fərmanla kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi DTX və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə tapşırılıb.
Adıçəkilən fərmana görə dövlətin, cəmiyyətin və vətəndaşların maraqları baxımından vacib hesab edilən məsələlərin həlli məqsədilə yaradılan dövlət resurslarının siyahısı müəyyən olunmalı və onlara qarşı təhlükəsizliklə bağlı sərt tələblər hazırlanmalıydı. Adıçəkilən qurumlar 3 ay müddətində kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı təklifərini hökumətə təqdim etməliydi.
Amma hələlik bununla bağlı hüquqi sənədlər ortada yoxdur.
Yəni kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Qaydalar, bu Qaydalar əsasında hansı dövlət qurumlarının kritik qurumlar hesab olunacağı ilə bağlı parametrlər, auditi məcburi olacaq kritik qurumların təsdiq olunan siyahıları və s. hələlik müəyyənləşməyib”.
O.Gündüz həmçinin bir il müddətində bu cür əhəmiyyətli sənədlərin təsdiqlənməməsinin doğru olmadığını deyib. Onun sözlərinə görə, dövlət sektorunda informasiya təhlükəsizliyi və kibertəhdidlərə qarşı mübarizə sahəsində zəruri addımların zamanında atılması, hüquqi sənədlərin tez bir zamanda hazırlanması daha çevik və effektiv fəaliyyətə imkan yaradardı:
“Dövlət qurumlarının infromasiya təhlükəsizliyi ilə bağlı baş verənlər, kibertəhdidlərin artması, regionda baş verən hadisələr dövlət sektorunda informasiya təhlükəsizliyinin daha da gücləndirilməsini tələb edir”.