"Çox ayıbdır. Azərbaycan səhiyyəsində baş verən ən biabırçı hadisələrə bir “Semoşka”da, bir də Sabunçu xəstəxanasında rast gəlinir. Ora dağıdılmalıdır”
“İcbari Tibbi Sığorta Azərbaycanda yeni sistemdir. Onların rəhbərliyini tanıyıram, xeyli gənclər var. Sözügedən məsələni qaldırmalı, qazilərin şəhid ailələrin müalicələri "qəssabxanalar"a yox, normal xəstəxanalara yönəldilməlidir!"
“Zəfər” İctimai Birliyinin sədri Sevinc Orucova 3 nömrəli Şəhər Kliniki Xəstəxanadan narazıdır.
Bu barədə S.Orucova özünün “Facebook” hesabında yazıb.
Onun sözlərinə görə, şəhid övladı xəstəxanadan çıxarılıb:
“Şəhid XTQ giziri, həkim Fariz Şıxəliyevin tək övladı, iki yaşlı Əli nevroloji xəstəlikdən əziyyət çəkir. Bu gecə uşağın vəziyyəti ağırlaşıb, ailə təcili olaraq uşağı 3 nömrəli Şəhər Kliniki Xəstəxanasına çatdırıb. Gecə saatlarında ailənin yaxınları mənə məlumat verdilər, arxayın oldum ki, uşaq həkim nəzarətindədir.
Sən demə səhər tezdən xəstəxanadan ailəyə bildiriblər ki, uşağın heç bir problemi yoxdur və onu apara bilərsiniz. Məcburi xəstəxanadan çıxarıblar. Uşağı evə çatdırmamış yolda uşağın epilepsiyası tutub. Səhər tezdən mən “YAŞAT” Fondunun əməkdaşları ilə körpə üçün münasib özəl xəstəxana planlamışdıq. Uşağın təxliyəsi üçün təcili yardım yollamışdıq, amma körpəni xəstəxanada yox, küçədən ağır vəziyyətdə götürdük.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, sizdən açıqlama gözləyirik, bu vəziyyətdə şəhid övladını hansı məntiqlə xəstəxanadan çıxarırsınız? Bəlkə o xanım məni tanımırdı, əlaqə qura bilməyəcəkdi? Necə olacaqdı körpənin halı? Kim sizə ixtiyar verib ki, xəstə körpə ilə bu cür davranırsınız? Bu qədərmi insan həyatı ucuzlaşıb sizin üçün? O körpə bizə şəhidin yeganə əmanətidir.
Həkimlik o yana qalsın, bəs insanlıq? Siz o xanıma təcili yardım maşını ayırıb aidiyyəti klinikaya yönəltməliydiniz, yəqin bazar günü bu ölkədə heç bir servis işləmir… Biganəliyiniz bu insanları aşağılamağa yönəlməli deyil. İstirahətdən ayılın və səhiyyənin nə gündə olduğunu düşünün!”
Qeyd edək ki, S.Orucova şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşıdır.
Durumla bağlı "Sherg.az"la fikirlərini bölüşən Qarabağ qazisi, hərbi jurnalist Rey Kərimoğlu hadisəyə görə çox təəssüfləndiyini bildirib:
"Ən acınacaqlısı isə belə vəziyyətin ölkə səhiyyəsində ənənə halını almasıdır. Xüsusilə, 3 saylı Sabunçu xəstəxanası sökülüb təzədən qurulmalıdır. Sanki orda işləyənlər “cəllad”dılar.
Çox böyük səhvlərə yol verirlər. İnsanlarla kobud davranırlar. Həmin xəstəxanadan həmişə şikayətlər ünvanlanır. Oranı düzəltmək mümkün deyil. Söküb başqa yerdə xəstəxana tikmək lazımdır. Çox dəhşətlidir.
Həmin uşağın atasının şəhid olduğunu bilirsən. Ona nəvaziş, qayğı göstər. Faktiki olaraq şəhidin körpəsini küçəyə atıblar. Simasızlıq, yaramazlıqdır. Bunu Allah götürməz.
Sevinc xanımı da dəstəkləyirik, yanındayıq. Heç vaxt o tənqidi paylaşımlar yazmır. Görün, məsələ nə həddə çatıb ki, bu barədə yazıb.
Çünki Sevinc xanım həmişə problemləri mətbuata çıxarmadan həllinə qovuşdurmağı bacarır. Azərbaycanın gerçək qəhrəmanı, şəhidimiz Raquf Orucovun xanımıdır.
Onun təşkilatı ilə əlaqələrimiz var. Hər gün onlarla şəhidin problemləri ilə maraqlanır, heç birini ictimailəşdirmir. Həmin hadisə Vətən uğrunda döyüşənlərə qarşı çox böyük haqsızlıqdır".
R.Kərimoğlunun sözlərinə görə, 3 saylı Şəhər Klinik Xəstəxanası sökülməli, əvəzinə park salınmalıdır:
"Çox ayıbdır. Azərbaycan səhiyyəsində baş verən ən biabırçı hadisələrə bir “Semoşka”da, bir də Sabunçu xəstəxanasında rast gəlinir. Ora dağıdılmalıdır. İcbari Tibbi Sığorta Azərbaycanda yeni sistemdir. Onların rəhbərliyini tanıyıram, xeyli gənclər var. Sözügedən məsələni qaldırmalı, qazilərin şəhid ailələrin müalicələri "qəssabxanalar"a yox, normal xəstəxanalara yönəldilməlidir!".