Hulusi Kılıçdan YENİ KİTAB – Gəlir Yaşat Fonduna ianə ediləcək + FOTOLAR 

Aprelin 20-də Bakı Dövlət Universitetində (BDU)  diplomat, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı keçirilib.

"Sherg.az"ın məlumatına görə, kitabda Hulusi Kılıçın müharibə günlərində media quruluşları ilə fəal əməkdaşlığının real nəticələri öz əksini tapıb. 

Görüşdə Türkiyə Səfirliyinin Mətbuat müşaviri Hüseyn Altınalan, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, fakültənin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova, Multimedia və elektron kommunikasiya kafedrasının rəhbəri Allahverdi Məmmədli, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova və fakültənin professor-müəllim heyəti də olub.

 Tədbiri giriş sözü ilə açan  Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu qonaqları salamlayaraq mərasimi açıq elan edib.

Təqdimat mərasimi  şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutu ilə  başlayıb.
Diplomat Hulusi Kılıçın fəaliyyəti ilə bağlı videoçarx yayımlandıqdan sonra ona çıxış üçün söz verilib.

H.Kılıç toplantını tarixi an kimi dəyərləndirib. Ortaq tarixə və keçmişə malik iki qardaş dövlətin münasibətlərindən danışıb:

"Atatürk deyib: "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir". 1991-ci ildə Azərbaycan müstəqillik qazananda onu ilk tanıyan dövlət Türkiyə oldu. Bu çox önəmlidir. Azərbaycanı digər ölkələrin tanıması üçün hər yerə müraciət edirdik. Sovet sistemindən çıxan Azərbaycan ordusuz idi. Elçibəyi sevirik, başımızın tacıdır. Dövlət quruculuğu, siyasət isə ayrıdır. 1993-cü ildə Kəlbəcər işğal ediləndən bəri Türkiyə Ermənistanla sərhədlərini bağladı. Həmin sərhədlər sülh müqaviləsi ilə açılacaq".

Sabiq səfir müəllifi olduğu kitabı yazma tarixçəsini də tələbələrlə bölüşüb:

"Müharibə vaxtı Türkiyədə, Azərbaycanda televiziyalara müsahibə verdim. Bədənim orda, lakin ağlım və ruhum cəbhədə idi. Sonradan yazılarımın, müsahibələrimin çox olduğunu gördüm.  Çıxışları jurnalist Günel Yaz  bir araya topladı. Kitab şəklinə salıb, gəlirini isə Yaşat Fonduna ianə etmək qərarına gəldik".

Ardınca çıxışçılar - Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının dosenti, siyasi elmlər doktoru Sabir Məmmədli, Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Nəsiman Yaqublu və dekan Vüqar Əliyev adıçəkilən kitabın əhəmiyyətindən, sabiq səfirin fəaliyyətinə dair məqamlara diqqət çəkiblər.
Diplomat sonda tələbələrə uğurlar arzulayıb:

"Sizlər bizim gələcəyimizsiniz. Atatürk demişdi:«Cümhuriyyəti biz qurduq, bunu gənclər yaşadacaq ». Dostlar, tariximizi yaxşı öyrənin. Tarixini bilməyən millətlərin gələcəyi qaranlıqdır. Rəhbərinizi, millətinizi sevin. Biz həyatda qaldığımız müddətdə sizlərə dəstək verəcəyik".

H.Kılıç tədbir iştirakçılarına imzalı kitabını da hədiyyə edib.