Ukraynanı iki aydır işğal altında saxlayan və minlərlə dinc sakini qətlə yetirən Rusiya indi qondarma erməni soyqırımının anım mərasimi ilə gündəmə gəlib.
Paytaxt Moskvada çəkilmiş kadrlarda bütün reklam lövhələrində “24 aprel Osmanlı İmperiyasında “erməni soyqırımı”nın ildönümüdür” yazılıb.
Sosial şəbəkələrdə bir çox istifadəçi sözügedən görüntülərə reaksiya verib. Onlar bildiriblər ki, Rusiya lideri Putinin göstərişi ilə Ukraynaya soxulan və günahsız insanları qətlə yetirən, soyqırımıları törədən Rusiya “öz gözündə tiri görməyib, başqa gözdə olmayan tük axtarır”
Məsələ barədə "Sherg.az"a danışan Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, bu Türkiyənin Ukraynanın mövqeyini dəstəkləməsindən irəli gəlir:
"Rusiya bir növ intiqam alır. Rəsmi Moskvanın genosid siyasəti beynəlxalq hüquqla təsdiqlənməyib. Bütün dünya tanımadığı üçün işğalçı adlandırmaq mümkün deyil. Rusiya ikiüzlü siyasət yürüdür. Özü cinayət törətməsinə rəğmən, başqalarını soyqırımı keçirtməkdə günahlandırır. Siyasi aspektdən yanaşıb fikir söyləmək mümkündür. Lakin faktlara əsaslanmaqdan ötrü beynəlxalq məhkəmənin qərarı olmalıdır".