ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Rusiya, ABŞ və Fransanın fəalliyyətsizliyi göz önündə idi. Hər üç həmsədr ölkə 30 il ərzində Qarabağ münaqişənin həllində bir addım belə irəliləyişə təkan vermədi. Ona görə də Azərbaycan ordusu öz gücü naminə torpaqlarımızı işğaldan azad etdi. Bununla da Minsk qrupunun da fəaliyyətinə ehtiyac qalmadı. Artıq rəsmi Bakı Minsk qrupunun fəaliyyətini (oxu:fəaliyyətsizliyini )dəstəkləmir, bu təşkilatın ləğvinin tərəfdarıdır və məlum qurumu ləğv olunmuş hesab edir.
Artıq həmin qrupda təmsil olunan bəzi ölkələr də onun fəaliyyətinə ehtiyac duyulmadığını bəyan edirlər. Beləliklə, Minsk qrupu de-fakto qrupu ləğv edilsə də, Rusiya Qarabağdakı vəziyyətdən əl çəkmək istəmir. Qrupun əvəzinə, Rusiya XİN-də nümayəndəlik yaradaraq prosesdə aktiv iştirak etməyə çalışır.
Yeri gəlmişkən, bir müddət əvvəl Minsk qrupunun Rusiyalı həmsədri İqor Xovayev öz işini yeni vəzifədə, yəni Rusiyanın xarici işlər nazirinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi davam etdirməyə başlayıb.
Elə bu gün Azərbaycanın Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.
Toplantıda Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri müzakirə olunub. Azərbaycan tərəfinin təqdim etdiyi 5 prinsip əsasında iki ölkə arasında sülh müqaviləsinin hazırlanmasına dair mövzuya toxunulub.
İlham Əliyev sülh müqaviləsinin hazırlanması üzrə Azərbaycan nümayəndə heyətinin və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibinin müəyyənləşdiyini vurğulayıb. Azərbaycanın Ermənistanla danışıqlara hazır olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Rusiyanın regionda hegemonluq siyasəti yürütməsindən "Sherg.az"a danışan jurnalist, siyasi şərhçi Fuad Abbasovun sözlərinə görə, Minsk qrupunun yaradılması ölkəmiz üçün böyük bir səhv idi:
"1990-cı illərdə Qarabağ probleminin həllini Avropa , Amerika və Rusiyaya həvalə etdik. "Problemi həllinə qovuşdura bilmirik, siz yardım göstərin" formasında acizanə ricamız oldu. Bugün reallıq dəyişib. Azərbaycan özü problemin həllini gerçəkləşdirdi. Lakin reallığı dəyişmək istəyən qüvvələr var.
Minsk qrupunun aktivləşməsi qələbənin ardınca gündəmə gəldi. Minsk qrupunun üzvləri prezident İlham Əliyevlə görüşdü. İ.Əliyev açıq şəkildə onları dəvət etmədiyini söylədi. Bununla başa düşdük ki, Azərbaycan Minsk qrupunu tanımır.
Son günlərdə Rusiya Ukrayna cəbhəsində həm siyasi, həm hərbi məğlubiyyətə uğrayır. Bu səbəbdən heç olmaya cənub sərhədlərinin "xilası üçün çalışır".
Bütün Avropa Rusiyadan üz döndərdiyi məqamda, rəsmi Moskva Minsk qrupunda reanimasiya keçirib, problemin həllində fəal çalışmağa can atır, görüntü yaradır. Sanki Avropalı brükrotların istəyi ilə Minsk qrupunu aktivləşdirmək cəhdləri nəzərə çarpır. Ermənistan tərəfinin xarici siyasəti ilə əlaqələndirmələri də mümkündür.
Sanki Ermənistan Minsk qrupunun “dirilməsini” istəyir. Biz yaxşı bilirik ki, erməni tərəfi özbaşına Rusiyanın razılığını almadan addım atan deyil.
Avropa standartlarından yararlanmaq istəyən Rusiya, öz mövqeyini Cənubi Qafqazda möhkəmləndirməyə çalışır. Bizim də xarici siyasətimiz ədalətli cavab verməlidir".