Azərbaycanda ərzaq qıtlığı təhlükəsi varmı? – Açıqlama:“250 günlük taxıl ehtiyatı...”

Ukrayna-Rusiya müharibəsinin getdiyi dönəmdə dünyada ərzaq böhranının baş verəcəyinə dair müxtəlif iddialar irəli sürülür. 
Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib ki, dünyada taxılın ixracında birinci yerdə Rusiya, beşinci yerdə Ukrayna dayanır.
 Deputatın fikrincə, bu gün bu iki dövlət müharibə aparır və müharibənin sonu görünmür: 

“Belə reallıqda ərzaq qıtlığı təhlükəsi realdır. Prezident İlham Əliyevin müşavirədə dediyi kimi, Azərbaycan 75 faiz ərzaq taxılını başqa ölkələrdən idxal etmək məcburiyyətindədir. Bu gün Rusiyadan 780 min ton taxıl alırıq. Yəni bir ölkədən taxıl idxalında bu qədər çox asılılığın olması qənaətbəxş hal deyildir. Qazaxıstan isə taxıl ixracına kvota tətbiq edir. Bu, bizim taxıl istehsalçılarını çox ciddi düşündürməlidir. Taxıl məhsulu istehsal edən sahibkarlara subsidiyaların həcmi artırılmalıdır. Elə edilməlidir ki, xalqımız belə gözlənilməz situasiyalarda çörəklə imtahana çəkilməsin”.

Böhran ehtimalı ilə bağlı "Sherg.az"a danışan iqtisadçı - ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanın  təqribən 75 faiz taxıl istehlakı xarici idxaldan asılıdır:

"Rusiya əsas taxıl idxal etdiyimiz ölkədir. Dünyada  taxılın bahalaşması, ümumiyyətlə, ərzaq buğdasının qiymətlərindəki artım,  təchizata dair müəyyən kəsintilərin yaranması  problemə çevrilib. Sırf Azərbacana dair ciddi qıtlıq yaradacağını düşünmürəm. Bizim ölkənin təqribən 250 günlük taxıl ehtiyatı var.

 İlin əvvəlində Qazaxıstanla yeni müqavilələr bağlanıb. Qazaxıstandan taxıl alışı dəfələrlə artıb. Qazaxıstandan alınan taxılın artımı Rusiyadan azalacaq  idxalın yerinin doldurulmasına kifayə edəcək. Hindistanla da danışıqlar gedir. Ola bilər ki, taxıl alışından ötrü müqavilə imzalansın”.