Ermənistan anlayır! - "Çıxış yolu  sülh müqaviləsindədir, çünki...”

“...rəsmi İrəvanın böyük asılılığı həm Azərbaycan, həm də Türkiyədəndir”

“Hətta Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla ermənistanlı həmkarı ilə danışığı göstərir ki, indiki kabinet barışığın qaçılmazlığını başa düşür” 


Ermənistan paytaxtı İrəvanda  etiraz aksiyalar səngimir. Aksiyada Baş nazir Nikol Paşinyanın istefası tələbi irəli sürülür. Müxalifət onun  hakimiyyətini Qarabağ məsələsində "yolverilməz güzəştlərə getməkdə" günahlandırır. N.Paşinyanın "fərsiz siyasəti" sayəsində Ermənistanın dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşdiyini iddia edirlər. Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişi üzərində işləməyə razılaşıblar.

Bundan sonra N.Paşinyan parlament çıxışında bildirib ki, beynəlxalq ictimaiyyət onların "Qarabağın statusu" ilə bağlı tələbin həddini "aşağı salmağını" istəyib. Onun bu çıxışının ardınca ölkənin bəzi müxalif qüvvələri "oturaq aksiyaya" çağırışlar ediblər.  Müxalifət mövcud iqtidarın "erməni xalqının təhlükəsizliyini təminininə, ölkənin suverenliyini müdafiə etməyə" qadir olmadığını söyləyir. Etiraz iştirakçıları Yerevanın müxtəlif yerlərində itaətsizlik hərəkətlərinə başlayıblar. "Paşinyan - satqın", "Paşinyan - Azərbaycan və Türkiyə maraqlarına xidmət edir", "Ayağa qalx, Ermənistan", "Ayağa qalx, Artsax", "Nikol-türk" çağırışları ilə yürüşlər keçirir, şəhərin bir hissəsini o biri hissəsi ilə birləşdirən körpüləri, küçə və prospektləri bağlayıb nəqliyyatı məhdudlaşdırırlar.

Ermənistandakı etirazlarla bağlı "Sherg.az"a danışan politoloq Tofiq Abbasovun qənaətincə, Paşinyan hələ qətiyyətli addımlar atmayıb. Amma hər halda niyyəti var:

"Ermənistan çıxış yolunun  sülh müqaviləsində olduğunu anlayır. Çünki rəsmi İrəvanın böyük asılılığı həm Azərbaycan, həm də Türkiyədəndir. Hətta Azərbaycanın XİN başçısı  Ceyhun Bayramovla ermənistanlı həmkarı ilə danışığı göstərir ki, indiki kabinet barışığın qaçılmazlığını başa düşür. 

Erməni cəmiyyətinin "dəliqanlı" vəziyyətini nəzərə alaraq, prosesləri bilərəkdən ləngidirlər. Ölkələrinin daxilində “adamyeyən” situasiya mövcuddur. Birdən-birə barışığa razılıq verə bilməzlər. 

Müxalif qüvvələr hakimiyyəti “damlamağa” səy göstərirlər. Paşinyanın hakimiyyətdən getməsi üçün aksiyalar keçirirlər. Onun yerini guya, layiqli siyasi qüvvə tutsun. Paşinyan proseslərin gedişatında geridə qalır. Əgər qətiyyətli addımlar atmasa, küçəni ram etməsə, onda Paşinyanın başı ağraya bilər. Hətta hakimiyyəti itirməklə də nəticələnməsi mümkündür. 

Ermənistan siyasi ənənəsində terrorun böyük rolu mövcuddur. Paşinyanın ətrafı terror da törədər. Ona görə o, vaxt itirmədən barışığa gəlirsə, ilk növbədə daxili sabitliyi yaratsın. Digər qüvvələrdə Avropa İttifaqı, Şarl Mişel, Amerikanın ali rəhbərləri bilirlər ki, artıq Minsk qrupunun səhnədən getməsi labüddür. 

“Status” məsələsi də əhəmiyyətsizdir.

 Təkcə Qarabağda yaşayan bir yığın erməninin gələcəyi qalır. Bu da Azərbaycanın daxili işidir. Ermənistanda sağlam başla düşünən insanlar var. Onlar proseslərin və beynəlxalq hüququn Azərbacanın yanında olduğunu anlayırlar. Paşinyan Azərbaycanla yaxınlaşmağa çalışır".