Ölkədə “Vikipediya”nın inkişafında təşkil edilən təlimlərin xüsusi rolu var. Keçirilən təlimlər yeni könüllülərin sırasının çoxalmasına səbəb olur. Bu isə “Vikipediya” platformasında aktivliyi artırır.
Bu barədə "Sherg.az"a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, son illər ölkədə “Vikipediya” təlimləri intensiv keçirilir. Gənclər təlimlərə böyük maraq göstərirlər. Könüllülər təlimlər nəticəsində “Vikipediya”da işləməyin qaydalarını mənimsəyirlər. Bu yaxınlarda AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya” təlimlərinə yenidən başlanılması ölkədə bu prosesin sürətlənməsinə böyük təkan verib. Belə ki, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının, MEK-in, “Qorqud” Vikipediya Metodik Klubunun təşəbbüsü ilə keçirilən təlimlər öz müsbət nəticəsini göstərir. Təlimlərdə iştirak edən Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya və Filologiya fakültələrinin tələbələri 50-dən yuxarı məqalə yaradıb və əsaslı redaktə ediblər. Ayrıca olaraq MEK-də “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən “Viki-mən” layihəsinə start verilib. Tərəfdaşlar sırasında “Qorqud” Vikipediya Metodik Klubu da var. Təşkilatın könüllüləri tərəfindən 50-dən çox məqalə yaradılıb və 70-dən artıq məqalə əsaslı redaktə edilib. Könüllülər bu işə töhfələr verirlər.
Qeyd edək ki, təlimlər MEK-in təlimçiləri Nuray Tanrıverdiyeva, Səbinə Abizadə tərəfindən keçirilir. Təlimlərdə fəallıq göstərən könüllülər MEK-in baş direktoru professor Məmməd Əliyev və “Qorqud” Vikipediya Metodik Klubunun yaradılmasının təşəbbüskarı Milli Məclisin deputatı Elnur Allahverdiyev tərəfindən sertifikat və fəxri diplomla təltif olunacaqlar.