Azərbaycan ifşa etdi:"Rusiya silah trafikindəki izləri itirmək istəyir"

Aqşin Kərimov:“Prezidentin mesajının mayasında Ermənistanı silahla “qidalandırmağın” qarşısının alınması dayanır”

“Azərbaycan post münaqişə reallığında Ermənistan üzərində nəzarətini əhəmiyyətli dərəcədə artırıb və heç nə gözdən yayınmır”

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda çıxış edib. Prezident tədbir zamanı bəzi mühüm məqamlara toxunub. Ölkə başçısı bəyan edib ki,  44 günlük Vətən müharibəsi dövründə yük təyyarələri vasitəsilə Rusiyadan Ermənistana müntəzəm formada silahlar daşınıb:"Biz bu marşrutu izlədik – Rostovdan və Mozdokdan gəlirdi:

“Gürcüstanlı dostlarımıza dedik ki, onlar hava məkanını bağlasınlar və bunu gerçəkləşdirdilər. Eyni zamanda Rusiyadan Ermənistana Gürcüstanın quru ərazisindən silah daşınmasının qarşısını almaqlarını söylədik. Onlar quru yolunu da bağladı. Biz Xəzəryanı dövlətlərə məktub göndərdik ki, onlar Rusiya yük təyyarələrinin öz ərazilərindən Ermənistana silah daşınmasına icazə verməsinlər. 

Durum haqda Qazaxıstan, Türkmənistan və İrana müraciət yollamışdıq. Lakin təəssüf, həmin ərazilərdən silah daşınması üçün istifadə edildi və o silahlar Ermənistana daxil oldu”.

Vəziyyəti “Sherg.az”a şərh edən siyasi şərhçi Aqşin Kərimovun sözlərinə görə, Azərbaycan hələ 44 günlük Vətən müharibəsi başlamazdan öncə Ermənistana silah daşınması marşrutunu çox diqqətlə izləyirdi:

"Müharibə zamanı texniki-kəşfiyyat imkanları daha da genişləndirilərək Ermənistana “uçan quş” da izləməyə götürüldü. Silah trafikində izləri itirmək üçün Rusiya səylər göstərsə də, başqa ölkələrin ərazisindən yararlansa da, nəticədə Azərbaycan bunu ifşa etdi. 

Prezidentin mesajının mayasında gələcəkdə də Ermənistanı silahla qidalandırmağın qarşısının alınması dayanır. Azərbaycan post münaqişə reallığında Ermənistan üzərində nəzarətini əhəmiyyətli dərəcədə artırıb və heç nə gözdən yayınmır. 

Vizual müşahidələr, texnoloji imkanlar, strateji nöqtələrdəki mövqelərimiz Ermənistanı mühasirəyə alır. İrəvana hər hansı daşınma barədə dərhal operativ məruzələr edilir”.