ŞƏHİD XANIMI:“Prezidentin çıxışı məmurlar və hər kəs üçün mesajdır” - Böyük dəstək!

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında iştirak ediblər. Tədbirdə çıxış zamanı Prezident dövlətin həmişə şəhid ailələrini diqqətdə saxladığını vurğulayıb:

"Biz Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq. O vaxt onlar şəhid oldular, amma torpaqlar da getdi. Bu dəfə şəhid oldular, amma torpaqlar qayıtdı. Fərq budur və təsəlli bu ola bilər".

Dövlət başçısı onu da diqqətə çatdırıb ki, yaxın, doğma adamın itirilməsinin yarası heç vaxt sağalmayacaq. Amma həyat davam edir və davam edəcək.

“İndi torpaqların yenidən qurulması işinə start vermişik. Azad edilmiş torpaqlarda, indi yaradılan binalarda, evlərdə, məktəblərdə, xəstəxanalarda, o binaların hər bir daşında şəhidlərimizin əbədi təsviri həkk olunub. Onlar bu torpaq üçün həlak oldular, Vətəni hər şeydən üstün tutdular”, - deyən Prezident İlham Əliyev söyləyib ki, dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək".


Dövlətin şəhid ailələrinə dəstəyi barədə “Sherg.az"a danışan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə qeyd edib ki, Prezidentin çıxışı məmurlar, müəssisə, şirkət rəhbərləri və bütün Azərbaycan vətəndaşları üçün mesajdır:

"Ramazan bayramı Azərbaycanın ərazi bütövlüyü uğrunda əzizlərini qurban vermiş şəhid ailələri üçün ən həssas günlərdən biridir. Onlar əzizlərinə baş çəkir, xatırlanmasını istəyirlər. Canından keçən hər bir qəhrəmanın ruhu bizim üçün əzizdir.  Prezidentin şəhid ailələrinə mənzil verilmə anında iştirakı, bayram günündə onların yanında olması böyük dəstək, mənəvi dayaqdır.

Şəhid ailələrinə bir çox dəstək göstərilir. Amma bölgələrimizdəki şəhid ailələrini unutmayaq. İnsanlıq yaşayırsa, problemləri, sosial qayğılar da var. Onların problemlərini operativ şəkildə həllinə qovuşdurmalıyıq. 2016-cı ilin şəhid ailələrinə münasibəti nəzərə alsaq, indi daha mütəşəkkil iş həyata keçirilir. Bu da müsbət göstəricidir".

Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşının qənaətincə, şəhidlər Azərbaycanı və dəyərli ailələrini əmanəti qoyublar. Onları yaddan çıxarmamalıyıq:

"Vətən müharibəsindən sonra bir çox sosial yardım paketləri, aksiyalar reallaşdı. Dövlət sosial müdafiə funksiyasını yerinə yetirir. Əgər funksiyanın icrasında hansısa məmur nöqsanlara yol, verirsə, bu, onun səhvidir. Səy göstərək ki, səhvlər aradan qalxsın, sosial müdafiə mexanizmləri operativ formada həyata keçsin. Sözügedən istiqamətdə xeyli işlər gerçəkləşib. Amma prosesi daha da genişləndirib, bölgələrdə, kəndlərdə yaşayan şəhid ailələrinin də yanında olmağa çalışaq".