“Azərbaycanda həmin uşaq və qadınların reabilitasiyası çox zəruridir”
“Müharibə dəhşətlərinin onların həyatında qoyduğu izlər, yaşadıqları sarsıntılar mütləq aradan qaldırılmalıdır”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi İraq və Suriyadan repatriasiya olunmuş hər bir şəxslə bağlı qiymətləndirmə əsasında sosial reabilitasiya planı hazırlayıb.
Səyyar formada həyata keçirilən psixoloji konsultasiyalar zamanı travma sonrası müşahidə olunan əlamətlərin kəskinliyi qiymətləndirilir. Nəticəsinə uyğun olaraq həm repatriasiya edilmiş uşaqlar, həm də ailə üzvləri ilə psixoloji və sosial-psixoloji dəstək işləri aparılır.
Sosioloq, professor Əhməd Qəşəmoğlunun “Şərq”ə açıqlamasına görə, İraq və Suriyadan Azərbaycana gətirilən uşaqların, qadınların reabilitasiyası çox zəruridir:
“Həm olduqları ölkələrin mühiti tamam başqa idi, həm də müharibə, terror faktları mülki əhalinin gözü qarşısında gedirdi. Sözsüz ki, geri dönən uşaqların xeyli problemləri olacaq. Çünki onlar xoş güzərandan geri dönməyiblər. Buna görə də istər səhhəti, istərsə də psixoloji durumları ilə bağlı işlər aparılmalıdır.
Əgər biz həmin uşaqlar, onların valideynlərinin reabilitasiyası ilə məşğul olmasaq keçirdikləri sarsıntılar, psixoloji travmaları gələcəkdə müxtəlif xəstəliklərə çevrilər. Həmçinin də onlar cəmiyyətimiz üçün böyük təhlükə ola bilərlər”.
Sosioloq deyib ki, İraq və Suriyadan gətirilən azərbaycanlılara sosial reabilitasiyadan əlavə tibbi müayinələr də edilməlidir.
"Müharibə dəhşətlərinin onların həyatında qoyduğu izlər, yaşadıqları sarsıntılar mütləq aradan qaldırılmalıdır. Düzü, Sosial Xidmətlər Agentliyinin hazırladığı sosial reabilitasiya planının keyfiyyəti və icra edilmə prosesi ilə yaxından tanış olmadığım üçün keyfiyyəti ilə bağlı bir söz deyə bilmərəm. Amma istənilən halda bu istiqamətdə atılan addımları alqışlayıram. Kifayət qədər vacib və lazımlı bir işdir”.