Şirkət bizim kimi ölkələri o qədər də önəmsəmir və əsas reklam bazarı hesab etmir
“Google” Almaniya, Fransa və Aİ-nin digər dörd ölkəsindəki 300-dən çox yayımçıya xəbərlərə görə ödənişlər etmək üçün müqavilələr imzalayıb.
Şirkətdən verilən məlumata görə, tezliklə xəbər saytlarına müvafiq prosedurları asanlaşdırmaq üçün alət təqdim ediləcək.
Qeyd edək ki, texnologiya nəhənginin ən sərt tənqidçiləri arasında olan xəbər yayımçıları uzun müddətdir ki, şirkətin ədalətli qiymət ödəməsini təmin etmək tələbilə öz hökumətlərinə çağırışlar edirlər.
Ötən il Avstraliya “Google” şirkətini belə ödənişlərə məcbur edib. Həmçinin Kanadada da keçən ay oxşar qanun qəbul olunub.
“Azxəbər” informasiya portalının baş redaktoru Hacıbəy Heydərli “Şərq”ə açıqlamasında sözügedən dövlətlərin “Google” şirkətinin xəbərlərə görə ödəniş etmək tələbini düzgün hesab etdiyini deyib:
“Xəbər saytlarında googlenin reklamlarından istifadə olunur. Google də öz reklamlarını istədiyi formada yerləşdirir və qarşılığında xəbər saytlarına çox ciddi ödəniş təqdim edir. Özü isə kifayət qədər gəlir əldə edir.
Düşünürəm ki, dövlətlərin yayımçıya ödəniş tələbindən sonra “Google”nin istismarçılığına son qoyulacaq. Yaxın illərdə Türkiyə kimi ölkələr də “Google” şirkətindən bu cür ödənişlər tələb etməlidir. Öz bazarını itirmək istəməyən Googlenin bu tələblərə boyun əyəcəyini düşünürəm”.
Azərbaycana gəldikdə isə H.Heydərli ölkəmizin şirkət qarşısında belə bir tələb qaldırması üçün tez olduğunu deyib:
“Azərbaycanda googlenin heç ofisi yoxdu və şirkət bizim kimi ölkələri o qədər də önəmsəmir və əsas reklam bazarı hesab etmir. Amma böyük Avropa ölkələrində rəsmi şəkildə fəaliyyət göstərdiyi üçün onların etirazlarına qarşı çıxa bilmir. Azərbaycanda isə “Google” şirkəti xəbər saytlarındakı reklamlardan əldə etdiyi gəlirə görə vergiyə cəlb olunmalıdır.
Azərbaycanda “Google” reklamları ilə işləyən şirkətlər də fəaliyyət göstərmir. Lokal işləyənlər isə Türkiyədən idarə olunur. Bu baxımdan əvvəlcə Azərbaycan bazarlarında reklam kampaniyalarını genişləndirməli, sonra “Google” qarşısında belə bir tələb qaldırmalıdır”.