Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro iyunun 16-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Venesuela Prezidentini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ölkəmizdə işgüzar səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə videokonfrans formatında görüşüb.
“Sherg.az” xəbər verir ki, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Venesuela nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.
Görüşdə Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun regional səfər çərçivəsində Azərbaycana səfər etməsinin önəminə toxunulub və bu, siyasi münasibətlərimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirilib. Venesuela Prezidentinin bu səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.
Nikolas Maduro Azərbaycana üçüncü dəfə səfər etməsindən məmnunluğunu bildirib və Venesuelanın ölkəmizlə əlaqələrə böyük önəm verdiyini vurğulayıb. Qonaq ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsinin zəruriliyini bildirib, çoxtərəfli səviyyədə, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində görülən işləri müsbət qiymətləndirib.
Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatında ölkələrimizin birgə uğurlu fəaliyyət göstərdiyi qeyd edilib. Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinin bir il də uzadılması məsələsində Venesuelanın dəstəyi vurğulanıb. Azərbaycanın Qoşulmama Hərəkatının təməl prinsipləri olan Bandunq prinsiplərinə sadiq olduğu bildirilib.
Dövlətimizin başçısı vurğulayıb ki, Venesuela hər zaman Ermənistan-Azərbaycan münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyib. Prezident İlham Əliyev qeyd edib ki, münaqişə öz həllini tapıb, Azərbaycan ədaləti, beynəlxalq hüququ, ərazi bütövlüyünü özü bərpa edib. Dövlətimizin başçısı onu da bildirib ki, ölkələrimiz hər zaman bir-birinin suverenliyini və müstəqilliyini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
Söhbət zamanı iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsi və biznes dairələri arasında birgə işbirliyinin zəruriliyi qeyd olunub. Bu baxımdan birgə investisiya layihələri, müştərək müəssisələrin yaradılması kimi məsələlərin müzakirəsinin böyük önəm daşıdığı bildirilib.
Görüşdə OPEC+ formatı çərçivəsində də ölkələrimizin uğurlu fəaliyyəti vurğulanıb.
Səfəri məqsədini "Sherg.az"a dəyərləndirən politoloq Natiq Mirinin fikirlərinə görə, Prezidentlər səviyyəsində xarici dövlətlərin Azərbaycana xüsusi diqqət ayırması çox önəmlidir:
"Bakıda Beynəlxalq Forum keçirilir. Ukrayna məsələsi və qlobal təhlükəsizliklə bağlı gündəmi müzakirə predmetinə çevirilib. Sözügedən forum təkcə regionda deyil, qlobal səviyyədə beynəlxalq birliyin diqqətində bir mövzudur. Artıq Azərbaycan qlobal güclər arasında danışıqların aparılması yönündə məkan seçilir. Baş tutan Forum da davamını göstərir. Paytaxt Bakı cəlbedici məkana çevrilib".
Politoloq bildirib ki, N. Maduronu türk etnosunu sevən şəxsiyyət kimi səciyyələndirmək mümkündür:
"N. Maduro dost münasibət bəslədiyi Türkiyəyə də səfərə yollanmışdı. Venesuellada qlobal güclərin hərbi siyasi çevriliş cəhdindən sonra Maduronun prezidentliyini dəstəkləyən dövlətlərdən biri qardaş Türkiyə olub.
N. Maduro türk tarixini, dövlətçilik ənənələrini izləyən və sevən biridir. Xüsusilə, Səlcuq dönəmi, Osmanlıya dair bütün tarixi əsər və filmlər diqqətlə yanaşır.
Türkiyə və Azərbaycan dünyanın yenidən şəkilləndiyi, müxtəlif güc mərkəzlərinin formalaşa biləcəyi beynəlxalq birlikdə öz layiqli yerini tutmaqla bərabər, dostlarının sayını artırmaqda maraqlıdır. Türk dünyasının aparıcı elemetlərindən olan Türkiyə və Azərbaycan dost dövlətlərin siyasını artırmaq istəyir. N. Maduronun Bakıya gəlməsi bilavasitə Türkiyə ilə əvvəlcədən koordinasiya edilib.
Bunu o qədər də isti qarşılamayan bəzi imperialist qüvvələrin narahatlığına rəğmən, Türkiyə və Azərbaycan müstəqil siyasət yürüdən dövlətlər kimi tanınıb. Ona görə, kiminsə fikirləri əhəmiyyət daşımır. Venesuella neft ölkəsidir.
Qərb Rusiya qarşıdurması kontekstində Qərbin enerji təhlükəsizliyinin təmini baxımından Azərbaycanla Türkiyə vasitəçi çıxış edə bilər".