İyunun 21-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfər edib.
Tərəflər strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə imzalayıb. Bundan başqa, iki ölkə arasında məşğulluq, nəqliyyat, sənaye mülkiyyətinin mühafizəsi, qanunsuz miqrasiyaya və başqa sahələrlə bağlı da əməkdaşlıq sazişləri qəbul edilib. Həmçinin Daşkənddə Azərbaycanla Özbəkistan arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə imza atılıb. Dövlət başçısının Özbəkistana səfəri zamanı səslənən fikirlər və iki ölkə arasında imzalanan sənədlər dostluq və qardaşlığın sarsılmazlığını bir daha təsdiqləyir.
Səfəri və imzalanan sənədləri yüksək dəyərləndirən millət vəkili Fəzail Ağamalı “Sherg.az”a bildirib ki, müstəqillik əldə etdiyimizdən bugünədək Özbəkistanla münasibətlərimiz yüksək səviyyədədir:
“Qardaş Özbəkistanla əlaqələrin tarixi sovet dövrünə qədər çatır. Özbəkistan və Azərbaycan arasındakı "Pambıq işi"ni xüsusi vurğulamaq lazımdır. Müstəqillikdən sonra əlaqələr fərqli mərhələyə qədəm qoydu. Azərbaycanın ərazi bütövlüyü eks- prezident mərhum İslam Kərimovun vaxtında belə tanındı. Hətta Ermənistanla diplomatik münasibətlər qurulmadı. Həmin ənənələrə sadiq qalaraq rəsmi Daşkəndin münasibəti yüksək səviyyədədir.
Ölkə Prezidentinin Daşkəndə rəsmi səfəri, ulu öndər Heydər Əliyev meydanının açılışı mühüm hadisədir. Meydanın mərkəzi hissəsində Ulu öndərin böyük memorial
kompleksi ucaldılıb. Özbəkistan xalqının Azərbaycan dövlətinə sonsuz hörmətinin, sevgisinin və rəğbətinin ifadəsidir".
F.Ağamalının qənaətincə, indiyə qədərki münasibətlər daha yüksək xətlə irəliləyəcək:
"Hər iki Prezidentin iradəsi ortadadır. Müəyyən xüsusiyyətlərə görə üstün yer tutan Özbəkistanın mövqeyinin möhkəmlənməsi Türk Dövlətləri Təşkilatının güclənməsinə imkan yaradacaq. Azərbaycan liderinin dost ölkəyə səfəri bir çox aspektdən tarixi xarakter daşıyır.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da Qazaxıstan və Qırğızıstana səfər edib. Orta Asiya ölkələrinin qarşılıqlı səfələrinin baş tutacağına ümid bəsləyirəm.
Özbəkistan səfəri də Türk dövləti təşkilatının gələcək perspektivdə möhkəmlənməsinə, güclənməsinə əhəmiyyətli töhfələrdən biridir".