Bu gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə Azərbaycan - Ermənistan münasibətlərindən söz açıb.
M. Zaxarova brifiniqdə Rusiya tərəfinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında hamıdan çox maraqlı olduğunu bildirib.
"Buna görə də imkan verə bilmərik ki, ayrı-ayrı kənar oyunçuların siyasiləşmiş addımları regionda sülh və sabitliyin bərpa edilməsinə yönəlmiş səyləri boşa çıxarsın”-, deyə Rusiya XİN sözçüsü diqqətə çatdırıb.
O həmçinin üç dövlət liderlərinin bəyanatında nəzərdə tutulmuş öhdəliklərin və vəzifələrin qeyd-şərtsiz yerinə yetirilməsi üçün Rusiyanın əlindən gələni edəcəyini vurğulayıb.
Mariya Zaxarovanın açıqlaması "Sherg.az"a dəyərləndirən siyasi analitik Asif Nərimanlı hesab edir ki, Zaxarova səmimi deyil:
"İstər münaqişənin mövcudluğu dövründə, istərsə də postmünaqişə vaxtı sərgilədiyi mövqe Rusiyanın qeyri - səmimiliyini sübuta yetirir. Rəsmi Moskva Azərbaycan və Ermənistana mesaj vermək istəyir ki, yeganə çıxış yolu Moskvanın vasitəçiliyidir.
Ukrayna müharibəsindən sonra Qərb və Rusiyanın Cənubi Qafqazda vasitəçilik üzərindən aktiv fazaya keçən mübarizəsindən qaynaqlanır.
Təbii, Qərbin də öz maraqları var, lakin Rusiya ilə müqayisədə daha səmimi görünür. Brüssel görüşlərində əldə olunan razılaşmalar və praktiki mərhələdə atılan addımlar da bunu təsdiqləyir.
Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmalarda isə heç bir irəliləyiş yoxdur.
Moskva həqiqətən də səmimidirsə, öncə 10 noyabr razılaşmasının 4-cü bəndini icra etməli, erməni qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır".