Qarabağda müharibə zəngləri eşidilir!

“Müharibə zənglərinin tez-tez səslənməsi fonunda bizim üçün şans və imkan doğura bilər”

“Bu şans da Azərbaycan bölgələri üzrə hər dəfə Prezidentin reallaşdırdığı xüsusi təyinatlı hərbi hissələrlə əlaqədardır"

 

İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri davam etdirilir. Qarabağa Böyük Qayıdış prosesinə start verilib. İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfərə yollanıb. Dövlət başçısı Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub. Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib. Həmçinin Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə bağlı məlumat alıb.

Dövlət başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi, Kəlbəcər şəhərinin baş planı verilib. Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub.

Sonra Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasına baş çəkib.

Görülən işləri "Sherg.az"a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Prezidentin səfərləri konkret məqsədlər daşıyır:

"Böyük qayıdışa hazırlıq niyyətinin ciddiliyi ortaya qoyulur. Azərbaycan bölgədə hərbi qüvvəsinin ardınca iqtisadi gücünü sərgiləyir.  Bu səfərlər Kəlbəcər və Laçının çox qısa müddət ərzində inteqrasiyasının ilkin mesajlarıdır.
Artıq Laçın məsələsinin bir an öncə bitməsinə yönəlmiş konkret addımlar atıldığı nəzərə çarpır.  Prezidentin Qarabağa səfəri Ermənistanın daxili siyasi təlatümlərilə nəticələnir. Dövlət başçısının səfərlərindən dərhal sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Laçın haqda verdiyi açıqlama ölkədə vətəndaş qarşıdurması ilə müşayiət edilir. Separatçılar, revanşistlər Paşinyanın əleyhinə qalxıblar. Ermənistanda öhdəlik götürən, hüquqi məsuliyyətli şəxs Paşinyandır. Otuz ilin cinayətləri, terror olayları, xalqımıza qarşı tötədilən soyqırımı günahkarlarının, revanşistlərin, separatçıların bəziləri həyatdadır. Müharibə zənglərinin tez-tez səslənməsi fonunda bizim üçün şans və imkan doğura bilər. Bu şans da Azərbaycan bölgələri üzrə hər dəfə Prezidentin reallaşdırdığı xüsusi təyinatlı hərbi hissələrlə əlaqədardır".