Əliməmməd Nuriyev: “Hazırda da bir çox erməni vətəndaşlar Azərbaycan ərazilərinə qanunsuz gəlirlər. Bu məsələlər ətrafında müzakirələrin aparılması istisna deyil”
Sabir Məmmədli: “Görüşlərdə kommunikasiya xətlərinin açılması, sərhədlərin müəyyənləşməsi və s. ilə məsləhətləşmələr aparılır”
Xəbər verdiyimiz kimi, ötən həftə Minskdə Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşü keçirilib.Görüşdə Azərbaycanın baş prokuroru Kamran Əliyev 1-ci və 2-ci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunub.Eləcə də, mina xəritələrinin verilməsində insan həyatının qorunmasında əhəmiyyəti və Qarabağa qanunsuz səfərlərin yolverilməzliyini diqqətə çatdırıb.Toplantıda Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.Tərəflər gələcəkdə gərginliyə səbəb olan halların qarşısının alınması üçün əlaqələrin gücləndirilməsi ilə bağlı razılaşmanı bir daha dəstəkləyiblər.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, mina xəritələrinin verilməsi, məlumat doğruluğu vətəndaşların sağlamlığının qorunması baxımından əhəmiyyətlidir:
"Azərbaycan əraziləri işğalı zamanında ermənilər cinayətlər törətmişdilər. İnsanlıq əleyhinə cinayət əməlləri idi. Onların bəziləri həbs edilib. Hazırda da bir çox erməni vətəndaşlar Azərbaycan ərazilərinə qanunsuz gəlirlər. Bu məsələlər ətrafında müzakirələrin aparılması istisna deyil.
Humanitar məsələlərin aydınlıq tapması da önəmlidir.
Sərhəddə münaqişələrin qarşısının alınması, Ermənistan ordusunda intizamın möhkəmlənməsi istiqamətində prokuror nəzarətinin keçirilməsi də müzakirə mövzusu ola bilər.
I Qarabağ müharibəsində 4 min, 44 günlük müharibədə isə 6 nəfər şəxs haqda məlumat yoxdur. Güman ki, belə mövzuda da müzakirələr aparılıb.
Ermənistanda revanşist əhval-ruhiyyə var. Faşist təmayüllü şəxslər dövlət orqanlarında da çalışırlar. Onlar təhlükəsizliyə ciddi təhdiddir".
BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli isə bildirib ki, görüşlərdə kommunikasiya xətlərinin açılması, sərhədlərin müəyyənləşməsi və s. ilə məsləhətləşmələr aparılır:
"Gələcəkdə təhlükəsizliyin təmini üçün toplantılar keçirilir. Əvvəlki razılaşmalara görə, işçi qrupları yaradılıb. Baş Nazir müavinləri səviyyəsində də görüşlər baş tutur. Tərəflər gələcəkdə gərginliyə səbəb olan halların qarşısının alınması üçün əlaqələrin gücləndirilməlidir".