“Avropa İttifaqı Şurası - Azərbaycan əlaqələri inkişaf edir”

Səməd Seyidov:“Azərbaycan elə bir səviyyəyə yüksəlib ki,  xalqımız, millətimiz üçün səmərəli tərzdə Aİ Şurasıyla münasibətləri təşkil etmək iqtidarındadır”

Asim Mollazadə:“Azərbaycanın sülh istəyi Aİ Şurası tərəfindən dəstəklənir”



İyulun 4-də Avropa İttifaqı Şurasının ( Aİ ) Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər ətrafında müzakirə aparılıb. Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini diqqətə çatdırıb. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaşmaları qeyd edərək, ölkəmizin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə edib. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın üzləşdiyi genişmiqyaslı mina problemini qeyd edib və birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunan 4000 nəfərə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.

Telefon danışığını "Sherg.az"a dəyərləndirən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) vitse-prezidenti Səməd Seyidovun qənaətincə, Aİ Şurası ilə Azərbaycan əlaqələri getdikcə inkişaf edir:

" Azərbaycan elə bir səviyyəyə yüksəlib ki,  xalqımız, millətimiz üçün səmərəli tərzdə Aİ Şurasıyla münasibətləri təşkil etmək iqtidarındadır. Nə yaxşı , Aİ Şurasının rəsmiləri bunu başa düşür. Azərbaycanın regionda sülhün , Avropa dəyərlərinin tətbiqinin tərəfdarı olduğunu anlayır. Ona görə də, rəsmi Bakının mövqeyini dəstəkləyir. Hansı istiqamətdən təhlükələr gəldiyi də məlumdur".

Millət vəkili Asim Mollazadənin fikrincə, Azərbaycanın həyata keçirdiyi strateji layihələr Aİ ölkələrinin maraqları ilə üst-üstə düşür:

"Azərbaycanın sülh istəyi Aİ Şurası tərəfindən dəstəklənir. Ölkəmizin bölgədə enerji, nəqliyyat, əməkdaşlıq sisteminin formalaşdırmağı Aİ Şurasının da maraqlarına  uyğundur. Şarl Mişelin Prezident İlham Əliyevə zəngi və dəstəyinin ifadəsi də bununla əlaqəlidir".