Urmiya gölünün vəziyyəti ilə bağlı həyəcan təbili çalınır. NASA-nın saytı gölün son vəziyyətinin görüntülərini yayıb. Bildirilib ki, gölün cənub adalarının ətrafı tamamilə quruyaraq bir-birinə birləşib.Gölün cənub hissəsi yenidən qırmızı rəngə boyanıb. Uzun illərdir Urmiya gölünün canlandırılması ilə bağlı istəklər elə "istək" kimi qalıb və dünyanın 2-ci ən böyük duz gölü məhv olmaq üzrədir. 1967-ci ildə Urmiya gölü qoruq elan olunub və UNESCO-nun qorunan təbii ərazilər siyahısına daxil edilib. Mütəxəssislərin fikrincə, Urmiyanın qurudulması prosesinə 1999-cu ildən başlanıb. Belə ki, gölə tökülən çaylar üzərində su anbarlarının tikintisinə start verilib, “kənd təsərrüfatında inqilab” adı altında tikilən su anbarları ilə gölə çayların tökülməsinin qarşısı alınıb.
Su anbarlarının tikintisinin başladığı vaxtdan etibarən yerli azərbaycanlılar bununla bağlı İran rəsmi orqanlarına müraciətlər etsələr də, heç bir nəticə əldə edilməyib.
Qeyd edək ki, Urmu gölü ilə eyni coğrafi bölgədə yerləşən Türkiyənin Van və Ermənistanın Göyçə (Sevan) gölləri Urmiya gölündən fərqli olaraq tamamilə normal vəziyyətdədirlər.
Mütəxəssislər etiraf edirlər ki, Urmiya gölündə quraqlığın 70%-i insan amili və yalnış idarəetmədən qaynaqlanır.
Gölün qurumasını "Sherg.az"a dəyərləndirən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, İran hökuməti Urmi gölünün canlandırılması ilə bağlı qərarlar qəbul etsə də, icrası üçün maliyyə vəsaitini bəhanə gətirərək gerçəkləşdirmir:
" Xüsusi tədbirlər çərçivəsində Urmiya gölünə axan bir sıra çayların səmtinin dəyişdirilməsi, müxtəlif mənbələrdən axıdılması nəzərdə tutulurdu, lakin həyata keçirilmir. Gölə axan çayların məcrasının dəyişdirilməsini aradan qaldırsaydılar, bəlkə də, qurumanın qarşısı alınardı.
Göl Güney Azərbaycanın və orda yaşayan azərbaycanlı əhalinin yaşayışında mühüm rol oynayır. Onun qurumasının qarşısını almaq üçün tədbirlər qəsdən görülmür. Fars hakimiyyəti bölgədə yaşayan azərbaycanlıların qayğısına qalmadığı üçün gölə də biganə yanaşır. Göl quruduqca Qərbi Azərbaycanda, Urmiyanın ətrafındakı ərazilərdə səhralaşma prosesi gedir. Hətta gölün qurumuş hissəsində küləyin qaldırdığı tozlu qum Qərbi Azərbaycanın müəyyən ərazilərinə də, fauna və florasına ziyan vurmaqda davam edir.
Neftdən milyonlar, milyardlar qazanır. Bu milyardları nəhəng nüvə proqramına sərf etməyə çalışan mərkəzi İran hakimiyyəti Urmiya gölünün səviyyəsinin qaldırılması üçün lazımi tədbirlərə vəsait ayırmır".