Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi halının faktlarla şahidi olmuşuq. Buna 44 günlük müharibədən sonra 30 illik işğala son qoyularkən yenidən gördük. Paytaxt İrəvan şəhərində Azərbaycan xalqına məxsus sonuncu maddi-mədəni irs nümunələri də məhv edilmək üzrədir. Təpəbaşı Azərbaycan mədəniyyəti, o cümlədən bəşər mədəniyyəti üçün son dərəcə önəmli əhəmiyyət kəsb edir. Məhəllənin taleyi ilə bağlı erməni ictimaiyyəti ilə Ermənistan dövləti arasında müzakirələr aparılsa da, Azərbaycan xalqının maddi-mədəni irsi məhvə məhkum edilir. Zaman-zaman Azərbaycan xalqına qarşı aparılan qeyri-insani siyasət sərgilənirdi. İndi isə maddi-mədəni faciə ilə üzləşirik. Bu gün Təpəbaşı məhəlləsi milli koloritini qoruyub saxlamaq əvəzinə, ermənilər tərəfindən xarabalığa çevrilib.
Mütəxəssislərin fikrincə, köhnə şəhər mühiti, paytaxtın dəyişdirilməmiş siması məhz Təpəbaşıda qalıb.
Qeyd edək ki, Azərbaycanın elm və ictimaiyyət xadimləri Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının irsinə qarşı həyata keçirilən mədəni soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıblar. Müraciəti 102 nəfər tanınmış elm və ictimai xadim imzalayıb.
Məsələni "Sherg.az"a dəyərləndirən tarixçi-alim Boran Əzizlinin qənaətincə, ermənilər xalqımıza məxsus toponimlərin, memarlıq abidələrinin məhvi prosesini xüsusilə, Türkmənçay müqaviləsi əsasında köçüb yerləşdikdən sonra məqsədyönlü şəkildə həyata keçiriblər:
"İrəvan şəhərində mövcud olan yer adlarının, məscidlərin, karvansaraların və digər memarlıq abidələrinin məhv etməkdən ötrü Sovet dövrü dağılandan sonra ermənilər daha da fəallaşıb. 1939-cu ildə çap olunan Ermənistan tarixinin oçerkləri kitabındakı şəkilləri məhv etmişdilər. Həmin şəkillərin ayrı-ayrı tarixi əsərlərdə qeydə alınması onu erməniləşdirməyə imkan verməmişdi. Ona görə də, ermənilər abidəni yoxa çıxarmışdılar.
Azərbaycanlılara məxsus belə abidələrdən biri də İrəvan şəhərində yerləşir.
Xanlıqlar dövründə İrəvan şəhəri dörd kvartaldan – Qala, Şəhər (Şəhri), Təpəbaşı və Dəmirbulaq yaşayış massivlərindən ibarət olub. Təpəbaşı massivini Şəhər massivindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı.
Ermənilər şəhərin xalqımıza aid olduğunu unutdurmaq üçün abidələrimizi dağıtmağa çalışıblar.
Tarixi ədəbiyyatda İrəvan şəhərində 15-ə yaxın məscidin adı keçir. Təkcə "Göy məscid" və Təpəbaşı məhəlləsinin qalıqları mövcuddur.
44 günlük müharibədən sonra ermənilər və onların müdafiəçiləri guya, buradakı erməni abidələrindən əndişələniblər. Əslində hamısı "timsahın göz yaşlarıdır". Ermənilər tamamilə yox etdikləri qəbirstanlıq, məscid, hamam və s. barədə bir kəlmə demədikləri halda bərpa olunan abidələrdən narahatlıq keçirdiklərini söyləyirlər.
Ziyalılarımızın UNESCO-ya və ya başqa beynəxalq təşkilatlara müraciəti ermənilərin əsl üzünün açılıb göstərilməsini sübuta yetirə bilər".