“Proseslər sahibkarlar üçün asanlaşmalıdır"
“Qiymətlərin bahalaşmasının qarşısını almaq mümkünsüzdür”
Yay fəsli gələn kimi hər kəs işdən uzaqlaşıb sakit guşələrə çəkilmək, çimərliyə getmək, təbiət qoynunda dincəlmək istəyir. Burada isə əsas məsələ seçilən məkanların münasib qiymətə, hər cibə uyğun olmasıdır. Deyək ki, İsmayıllıda, Qubada dincəlmək üçün bir ailənin həftəlik xərci azı 1000 manat təşkil edir.
Camaat qışda Şahdağa, Qəbələyə, bəzən də Şəkiyə gedir, o da bir, maksimum iki günlük. Yayda isə çoxları Türkiyəyə, Gürcüstana qaçmağa çalışır. Səbəblərdən biri bahalıqdır.
Turizm üzrə ekspertlər isə bölgələrdə qiymətlərin bahalaşmaması üçün bir sıra işlərin görülməsinin vacib olduğunu söyləyirlər.
Məsələ ilə bağlı "Sherg.az"a danışan turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov bildirib ki, Azərbaycanda hotel və yataqxanaların sayı azdır:
"Dünyada yay mövsümü istirahət dönəmi sayılır. Bu mövsümdə hotellərə, turizm destinasiyalarına gedişdə tələbat kəskin surətdə artır. Daha çox vətəndaşlarımız qiymətlərin bahalığından, xidmətin keyfiyyətsizliyindən şikayələnir. Müəyyən tədbirlər görülsə də, nəticəsini dərhal görmək olmur. Çünki mövsümi xarakter daşıyır.
Regionlardakı hotellərimiz də işçiləri mövsümə uyğun artırıb-azaldırlar. Bəzi istirahət zonalarında məkan tamamilə qapadılır. Qonaq gəlmədiyi üçün işçiləri saxlamaq səmərəli deyil. Amma yayda yenidən işçilər yığılır. Müvəqqəti duruma görə, peşəkar işçilərin tapılmasında sıxıntılar yaşanır.
Tələbat yüksək olanda qiymətlər qalxır. Tutalım, hotelin bütün otaqları satılıb. Qiymətləri bir az da qaldırsa, yenə otaqlar satılsa, artıq sahibkar məbləği aşağı salmaqda maraqlı olmayacaq. Azərbaycanda hotellərin, turistlərin istirahətə gedəcəkləri məkanların sayı artırılmalıdır. Proseslər sahibkarlar üçün asanlaşmalıdır".
C.Aşırovun qənaətincə, gediləcək yerdə turistlərin, həmçinin vətəndaşlarımızın kifayət qədər seçim imkanı olarsa, tələb və təklif məsələsi nizamlanacaq:
"Qiymətlər daha sərfəli, xidmətlərdə isə rəqabət yaranacaq. Çünki yaxşı xidmət verən və qiyməti uyğun məkanları seçəcəyik.
Hər il bazara yeni məkanlar gəlir. Hotellərin tikintisi çox kapital tutumludur, birdən-birə baş tutmur. Amma regionlarda kənd evləri standarlara uyğunlaşır. Təklif olunan evlərin qiyməti hotellərdəkindən aşağıdır.
Məkan seçimlərinin sayı artdıqca, rəqabət mühiti yaranacaq. Nəticədə müştərilərin məmnuniyyəti yüksələcək".
İqtisadçı Xalid Kərimli isə düşünür ki, qiymətlərin bahalaşmasının qarşısını almaq mümkünsüzdür:
"Xüsusilə, ərzaq məhsullarının bahalaşması qlobal bazarda baş verən proseslərlə əlaqəlidir. Ölkə bunun qarşısını almaq iqtidarında deyil. Zatən manatı stabil saxlamaqla inflyasiyanın bir hissəsini qarşısını alır.
Taxıl və s. məhsullarda qiymətlərdə vergini ləğv edir. Pandemiyadan sonra baş verən proseslər, Rusiya -Ukrayna müharibəsi fonunda həm ərzaq, həm də qeyri - ərzaq məhsullarının bahalaşması davam edir.
Bölgələrdəki istirahət mərkəzlərində qiymətlər ürəkaçan deyilsə, insanlar rayona getməsin. Bazar iqtisadiyyatında qiymətlər sərbəst formalaşır. İnsanlar bütün qiymətlərlə razılaşmaq məcburiyyətində deyil.
Hərə öz büdcəsinə uyğun qərar verməlidir. Hökumət əlindən gələni edir. Bölgələrdəki müəssisələr qiymətləri yüksək qoyurlar. Görünür, müştəriləri var".