“Onun qələbə ilə başa çatması çox mühüm idi”
Azərbaycanın Zəfərinin ilk qığılcımlarından olan Tovuz döyüşlərindən iki il ötür. 2020-ci ilin iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alındı. Bir neçə gün davam edən döyüşlər zamanı hücum cəhdi əngəlləndi. Düşmənə sarsıdıcı zərbələri endirildi. Azərbaycan Ordusu da döyüşlərdə itki verdi.
Xalq bu döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan öz mərd, vətənsevər oğullarını general-mayor Polad Həşimovu, polkovnik İlqar Mirzəyevi, mayor Namiq Əhmədovu, mayor Anar Novruzovu, baş leytenant Rəşad Mahmudovu, gizir İlqar Zeynalovu, gizir Yaşar Babayevi, baş çavuş Vüqar Sadıqovu, çavuş Elçin Mustafazadəni, çavuş Nazim İsmayılovu, baş əsgər Elşad Məmmədovu və əsgər Xəyyam Daşdəmirovu böyük izdihamla son mənzilə yola saldı. Qeyd edək ki, həmin il sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu tərəfindən düşmənin təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başlanılıb. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqları düşmən tapdağından azad olundu.
Tovuz döyüşlərinin ildönümü ilə əlaqəli "Sherg.az"a danışan millət vəkili, sabiq MTN əməkdaşı, siyasi analitik Arzu Nağıyevin fikirlərinə görə, Azərbaycan Ordusunun əks-hücumu Ermənistanın çirkin niyyətinin qarşısını sərt şəkildə aldı:
"Döyüşlər Azərbaycan-Ermənistan sərhədinin qorunmasının vacibliyini, bütün yüksəkliklərin strateji əhəmiyyətə malik olduğunu və istehkamların qurulmasının strateji əhəmiyyətini göstərdi. Ermənilər cidd cəhdlə məhz bu istiqamətdə təxribatlar törədir, atəşkəsi pozur, diversiya qrupları göndərməklə zəif bənd axtarırdılar. Bura dövlət sərhədidir. Ona görə də KTMT-ni, daha dəqiq desək, Rusiyanı çirkin siyasi oyunlara qatmağa çalışırdılar. Bakı -Tbilisi - Qars dəmir yolunun ərazidən keçən hissəsini, neft kəmərlərini daim atəş altında saxlamağa cəhd edirdilər".
Millət vəkilinin qənaətincə, Ali Baş Komandan İlham Əliyevin bir çağırışına minlərlə vətəndaşın səs verməsi xalqımızın birliyini sərgilədi:
" Əsas məqamlardan biri də istər general, istər əsgər, istərsə də adi vətəndaşın, məmurun, iş adamının, bütün sahələrdə çalışan vətəndaşlarımızın bir səngərdə olması idi. Peşəkar, rəşadətli Azərbaycan Ordusunun, milli kadrlarımızın, müasir texnikamızın, silahlarımızın olması da mühüm bir amil idi.
Tovuz döyüşlərindən 2 ay keçdi. 44 günlük zəfər qələbəsi ilə başa çatan müharibənin də təməli həmin döyüşlərlə qoyuldu. Başqa yol yox idi. Tovuz döyüşləri ölüm-dirim savaşı idi və onun qələbə ilə başa çatması çox mühüm idi.
1988-ci ildən daim erməni təxribatı ilə üz-üzə olan sərhəd kəndlərinin sakinlərinin şücaət göstətdi. Bu, əsgərlərimizə verilən ən böyük ruh yüksəkliyindən biri idi. Bütün bölgələrdən səfərbər oldular. Bu qələbə gələcək qələbələrimizin təməli olduğunu göstərdi. Çünki geriyə yol yox idi. Ermənilər bir daha başa düşdülər ki, Azərbaycan Ordusunun, xalqının, Ali Baş Komandanının qarşısında tab gətirə bilməyəcəklər. Böyük itkilər verməklə geri çəkilməyə məcbur oldular”.
Siyasi analitik sonda bildirib ki, ermənilər hələ də müəyyən təxribatlara əl atır:
“Heç bir müsbət nəticə əldə edə bilməyəcəklərini anlayırlar. Çünki biz qalib xalqıq və bu adı daima saxlamaq üçün son qanımıza qədər vuruşmağa hazırıq!”.