2023-cü ildə bir çox tarixi hadisələrin şahidi olacağıq


Türkiyənin milli döyüş təyyarələrinin istehsal prosesində Azərbaycan mütəxəssisləri də yaxından iştirak edəcək


  Türkiyə Azərbaycanı bu ölkənin milli döyüş təyyarəsinin istehsalında iştirak etməyə dəvət edib. Bunu bazar günü Türkiyənin Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib. Onun sözlərinə görə, Türkiyə dost və qardaş ölkələrin müxtəlif səviyyəli müdafiə-sənaye layihələrində tərəfdaş kimi iştirakına açıqdır: "Dost və qardaş ölkələri milli döyüş təyyarəsi layihəsində iştirak etməyə dəvət edirik. Bu ölkələrə İndoneziya, Pakistan, Malayziya və Azərbaycanı aid etmək olar". O vurğulayıb ki, belə bir tərəfdaşlıq bütün tərəflər üçün faydalı olacaq. 

  Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov "Şərq"ə bildirib ki, "bir millət, iki dövlət" prinsipi hər gün daha da reallaşmaqdadır. Ekspert vurğulayıb ki, 2023-cü ildə bir çox məqamın şahidi olacağıq:

"Birgə hərbi təlimlərlə yanaşı, ortaq təyinatlı hərbi məhsulların istehsalı da mümkündür. Türkiyənin milli döyüş təyyarələrinin istehsal prosesində Azərbaycan mütəxəssisləri də yaxından iştirak edəcək. Burada mütəxəssislərimizin hərbi avadanlığın yığılmasında, onun ayrı-ayrı komponentlərinin istehsalında iştirakından söhbət gedir. Böyük ehtimalla Türkiyəyə məxsus hərbi təyyarələrin hər hansı kiçik detalı Azərbaycanda da hazırlanacaq. Məsələn, elektronik hissələrdən bəziləri ölkəmizdə istehsal oluna bilər. Hələ SSRİ dönəmində Azərbaycanda bu ənənə var idi. Sovet vaxtı Azərbaycanda hərbi təyinatlı tibbi elektronik məhsullar hazırlanırdı. Düşünürəm ki, Qardaş Türkiyənin milli döyüş təyyarələrinin hazırlanması prosesində Azərbaycan da olacaq. Əlbəttə, həmin təyyarələrin bütövlükdə Bakıda yığılması qeyri-mümkündür. Bizdə o imkanlar, uzun illərin təcrübəsinə malik hərbi müəssisələr yoxdur. Azərbaycanın prosesə töhfəsi mütəxəssislərin iştirakı və müəyyən detalların hazırlanması ola bilər".