- “Bu, bizim ona vəfa borcumuzdur!”
İqtisadçı alim Qubad İbadoğlu üç il üç aylıq fasilədən sonra sosial şəbəkələrdə paylaşım edib.
Sherg.az xəbər verir ki, Q.İbadoğlu ilk paylaşımını yaxın dostu, mərhum alim və ictimai-siyasi xadim Vurğun Əyyubun xatirəsinə həsr edib.
O, Vurğun Əyyubun doğum günündə yayımladığı paylaşımda dostunun həyat yolunun, mübarizəsinin və mənəvi irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
“Bu gün Vurğun bəyin doğum günüdür. Yaşasaydı, 69 yaşını qeyd edəcəkdik. Bu, onsuz keçirdiyimiz yeddinci doğum günüdür. Yoxluğu illər keçdikcə azalmayan, xatirəsi isə zaman keçdikcə daha da əzizləşən dostum...” – deyə Q.İbadoğlu yazıb.
İqtisadçı alim bildirib ki, Vurğun Əyyubun vəfatının yeddinci ildönümündə, sentyabrın 24-də yaxın dostları ilə birlikdə onun məzarını ziyarət edib.
Q.İbadoğlu paylaşımında özünün qanunsuz həbsinə, azadlığa çıxmasına və müalicəsini davam etdirmək üçün Almaniyaya getməsinə münasibət bildirən dostlarına da təşəkkür edib.
O, çətin günlərdə göstərilən mənəvi dəstəyin əhəmiyyətini qeyd edərək, müalicəsini tezliklə uğurla başa çatdıracağına, sağlamlığına qovuşaraq dostları ilə yenidən görüşəcəyinə ümid etdiyini bildirib.
“Bəzən insanı ayaqda saxlayan yalnız öz iradəsi deyil, uzaqlardan belə ona uzanan dost əlləri, bir xoş söz, bir ümid mesajı və onu unutmayan insanların sevgisidir. Mən bu dəstəyi hiss etdim və hər birinizə minnətdaram”, - deyə Qubad İbadoğlu vurğulayıb.
İqtisadçı alim ən sonda bunları qeyd edib:
"Ümid edirəm ki, müalicəmi tezliklə uğurla başa çatdıracaq, sağlamlığıma qovuşacaq və sizinlə yenidən görüşəcəyəm. O günədək özünüzü qoruyun, dəyərlərinizə sadiq qalın, yaxşı insanları və yaxşılıqları yaşadın.
Vurğun bəyin əziz xatirəsi qarşısında baş əyir, sizə isə dostluğunuza, sədaqətinizə və mənəvi dəstəyinizə görə sonsuz təşəkkürümü bildirirəm".