Aqil Abbas:“Onları yoldan çıxardan mənbələr tapılmalı və kökü kəsilməlidir”
Son zamanlarda şahid ailələri və qazilərin bir qisminin din dəllalları, xaricdə maliyyələşən şəxslərin əla alması xəbərləri sosial medianın geniş müzakirə mövzusuna çevrilib. Bildirilir ki, bu işbazlar şəhid ailələri və qazilərdən öz məqsədləri üçün istifadə edirlər. Sosial şəbəkə istifadəçiləri və ziyalılar bunun SOS siqnalı olduğunu və aidiyyəti qurumların bunu tezliklə həll etməli olduğunu iddia edirlər. Onlar bildiriblər ki, problemləri dövlət həll etməlidir. Şəhid ailələri və qazilər yalnız öz dövlətinə arxalanmalıdır.
Bunların İranın və İranpərəst qüvvələrin işi olduğunu deyən millət vəkili Aqil Abbas "Sherg.az"a söyləyib ki, onları yoldan çıxardan mənbələr tapılmalı və kökü kəsilməlidir:
"İlk öncə bu şəxsləri yoldan çıxardan mənbənin kim olduğu öyrənilməlidir. Qazilərin və şəhid ailələrinin adından istifadə etmək, onları dövlətə qarşı qaldırmaq böyük günah və cinayətdir. Cinayəti həbslə islah etmək olur, lakin günahı ömrünün axırına kimi yumaq olmur. Heç bir müsəlman belə bir iş görməməlidir.
Bu işdə İranın “böyük rolu” var. Onlar çalışırlar ki, Azərbaycanda qarışıqlıq yaratsınlar. İran artıq burdan narkotranzit yolu kimi istifadə edə bilmir. Sərhədçilərimiz onların qarşısını alıb. Buna görə də, aranı qatırlar. Vəziyyət həm ermənilərə, həm də İrana sərf edir. Bundan ötrü də, hər kəsi diqqətli və həssas olmağa çağırıram.
Bu iş təkcə dövlətin, hökumətin yox, ictimaiyyətin də işidir. İctimaiyyət daha ayıq olmalı və belə hallara uymamalıdır".