Elçin Bayramlı:“Qonşu ölkələr suyu özləri istifadə edərək, bizə buraxmayacaqlar”
“Getdikcə suvarılma suyu da azalacaq. Bu isə ərzaq təhlükəsizliyinin məhvi deməkdir”
Planetin 70 faizini su əhatə etsə də, 80-dən artıq ölkə içməli su qıtlığı ilə üz-üzədir. Məlumata görə, dünyadakı şirin su ehtiyatları bütün su mənbələrinin yalnız bir faizini təşkil edir. 2050-ci ildə içməli su ehtiyatına tələbatın daha 30 faiz artacağı təxmin edilir. Bu problemlə qarşı-qarşıya olan insanların sayı isə 3 milyarda çatacaq. Böyük Britanya kimi inkişaf etmiş ölkə belə su qıtlığı ilə bağlı həyəcan təbili çalıb.
Britaniya sakinlərindən yuyunma vaxtını azaltmaq xahiş olunub.
Hökumət proqramı çərçivəsində krallığın hər bir sakini 2050-ci ilə qədər gündəlik su istifadəsini 25% (gündə 145 litrdən 110 litrə qədər) azaltmalıdır. Mütəxəssislərin fikrincə, 25 ildən sonra Britaniyanın öz əhalisini təmin etmək üçün gündə əlavə 4 milyard litr suya ehtiyacı olacaq. Bu ehtiyacı nəzərə alaraq, ölkədə 1992-ci ildən bəri ilk dəfə su anbarı tikmək qərarına alınıb. Tikintinin 2029-cu ilə qədər tamamlanacağı gözlənilir.
Azərbaycan da şirin su ehtiyatları məhdud ölkələr sırasındadır. Bəs bu qlobal problemə qarşı hansı tədbirlər görülməlidir?
Su qıtlığının ciddi, qlobal problem olduğunu deyən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist
Elçin Bayramlı "Sherg.az"a bildirib ki, Azərbaycan içməli su ehtiyyatı baxımından dünyada sonuncu sıralarda yerləşib:
"Təhlükə son illərdə çox aktuallaşıb. Hər zaman deyirik ki, qlobal təhlükə güclənir. Lakin bunun qarşısını almaq üçün heç bir ciddi tədbir görülmür. Son aylarda isə dünyada bir çox çay və göl quruyaraq yoxa çıxıb. Proses sürətlə davam edir. Bizdə də Kür və Arazın su səviyyəsində ciddi azalma müşahidə olunur. Yan çaylar isə buxarlaşmaqdadır. Məsələn, Hacıqabuldakı göl quruyaraq, tamamilə yox olub. Biz dünyada ən az su ehtiyatlarına sahib ölkələr sırasındayıq. Həmçinin Cənubi Qafqazda da ən az su tədarükü Azərbaycandadır. Ermənistan və Gürcüstanda əraziyə, əhaliyə düşən su ehtiyatının həcmi bizdən dəfələrlə çoxdur. Ümumiyyətlə isə, ölkənin ehtiyat su saxlancının 70 faizi xarici mənbələrdən formalaşır. Əgər gözlənilən qlobal quraqlıq baş versə, biz həmin 70 faiz suyu ala bilməyəcəyik. Qonşu ölkələr suyu özləri istifadə edərək, bizə buraxmayacaqlar. Digər tərəfdən texniki su mənbələri ilə bağlı görülən tədbirlər də yetərsizdir. Azərbaycanda yerüstü su qaynaqları çox azdır. Xüsusən də, torpaq kanalların vasitəsilə gedən su buxarlanaraq yox olur. Texniki suyun miqdarını artırmaq üçün ölkə ərazisində çox sayda artezian quyuları qazılmalıdır. Təəsüflər olsun ki bu tip quyular az qazılır. Qazmaq istəyənlərdən isə rüşvət tələb olunur".
Ekspert qeyd edib ki, içməli su cəhətdən pis vəziyyətdə olsaq da, dəniz kənarında yerləşdiyimiz üçün texniki su baxımından üstün mövqedəyik:
"Sahil boyu su şirinləşdirici zavodlar tikərək, külli miqdarda texniki su əldə edə bilərik. Bununla da içməli su sərfiyyatının qarşısını xeyli almaq olar. Təəsüf ki, indiyədək birdənə belə bu tip zavod tikilməyib. Yaşıllıqların suvarılması, maşınların yuyulması və.s kimi məişət işlərində Xəzərin suyundan istifadə edərək içməli su mənbələrinə təzyiqi xeyli azaltmaq olar. Qəbələ-Oğuz kəməri külli miqdarda suyu Bakıya gətirdiyi üçün, həmin ərazilərdə quraqlıq yaranır.
Görülən işlər yetərli deyil. Getdikcə suvarılma suyu da azalacaq. Bu isə ərzaq təhlükəsizliyinin məhvi deməkdir. Vəziyyətdən tək çıxış yolu alternativ yollardan istifadə etməkdir. Lakin məmurlar bunda maraqlı deyil. Onlar üçün ölkədə iş görməkdənsə, kabinetlərində oturub “pul yemək” daha maraqlıdır".