Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Fərman imzalayıb. Fərmanda qeyd olunub:
"Sentyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin (direktor və direktor müavinlərinin təhsilalanların sayına görə) və həmin təhsil müəssisələrinin sertifikatlaşdırmadan keçən təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavə müəyyən edilsin".
Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə nəzərdə tutulan əlavələrin məbləğlərini sentyabrın 1-dək təsdiq etmək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Fərmanın maaş artımının növbəti mərhələsi olduğunu deyən təhsil eksperti Nadir İsrafilov "Sherg.az"a bildirib ki, dövlətimiz hər zaman təhsil işçilərinə xüsusi diqqət ayırır:
"Maaşların artırılması birinci dəfə deyil. Hər iki-üç ildən bir təhsil işçilərinin müavinətlərində artımlar olur. Bu da sübut edir ki, Azərbaycan sosial siyasət yürüdür. Büdcədən sosial məsələlərə ayrılan vəsaitlər artdıqca müəllimlərin maaşlarına əlavələr də çoxalır.
Dövlətimiz hər zaman müəllimlərə və təhsil işçilərinə xüsusi diqqət ayırır. Xatırlayırsızsa, 2013-cü ildə ölkə başçısı tərəfindən təhsilin inkişafı üzrə strategiya imzalanıb. Burada əsas hədəflərdən biri də müəllimin nüfuzunun artırılması idi.
Təhsil işçilərinin nüfuzun artırılması da onun sosial əmək şəraitinin yaxşılaşdırılmasına, maddi vəziyətinin düzəldilməsinə və sosial rifahının artırılmasına xidmət edir. Prezident tərəfindən atılan bu addım gözlənilən idi və alqışalayiqdir".