Avqustun 27-də Şuşada beynəxalq konfrans baş tutub. Tədbirdə Azərbaycanın rəsmi şəxsləri, həmçinin Türkiyə və Azərbaycanda fəaliyyət göstərən və Bakıda akkreditasiyadan keçmiş diplomatik korpus nümayəndələri, o cümlədən də xarici ölkə səfirləri və beynəlxalq təşkilat təmsilçiləri iştirak ediblər. ABŞ və Fransa səfirləri dəvət olunmalarına rəğmən səfərdən nümayişkaranə şəkildə imtina ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev də bu addıma münasibət bildirib. H.Hacıyev onların Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmadığını vurğulayıb.
Səfərdən imtinanın pərdəarxasını “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylinin qənaətincə, guya, indiki məqamda proseslərə zərbə vurmamaqdan ötrü səfərdən boyun qaçırıblar:
"Bu, Azərbaycanın suvenerliyinə qarşı hörmətsizlikdir. Şuşa bizim daxili ərazi vahidimizdir. Hər iki ölkənin səfirləri 30 il ərzində işğalda qalan ərazinin keçmişi ilə maraqlanmalı idilər.
Müharibə oldu və biz üç min şəhid verdik. Birinci müharibə dönəmində 20 min nəfər şəhid, 1 milyon qaçqın, milyardlarla maddi və mədəni nümunələr dağıdılıb. Həmin ölkələrin açıq şəkildə ciddi mövqe sərgilədiklərini görməmişik.
Fransa və ABŞ Qarabağda baş verənlər barədə kifayət qədər informasiyaya malikdilər. 30 ilə yaxın vasitəçi kimi çıxış edən ATƏT-in Minsk qrupunun həmsədrləri olublar. Yaramaz və yarıtmaz fəaliyyətlə yadda qalıblar.
Narahatlıq doğuran məqam odur ki, Ermənistan hökuməti bununla bağlı rəsmi Paris və Vaşinqtona təşəkkürünü bildirir. Bu, birbaşa Ermənistanın təcavüzünə haqq qazandırmaq, işğalçının yanında dayanmaqdır”.