Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - İZAH

  • İqtisadçı sərhədlərdən tutmuş bahalı uçuşlara qədər bütün səbəbləri sadaladı

Turizm sektoru bu ilin ilk yarısını azalan göstəricilərlə başa vurub. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə həm Azərbaycana gələn xarici vətəndaşların, həm də xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayında azalma qeydə alınıb.

Məlumata görə, ilin I yarısında Azərbaycana 189 ölkədən 1 milyon 92,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,1 %-i hava, 27,5 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Hesabat dövründə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 5,1 % azalaraq 937,4 min nəfər olub. Yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 69,8 %-i hava, 28,1 %-i dəmir yolu və avtomobil, 2,1 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Mövcud statistikanı Sherg.az-a şərh edən iqtisadçı Xalid Kərimli bildirib ki, ilin ilk yarısında həm ölkəyə gələn turistlərin, həm də xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayının azalmasına bir neçə amil təsir göstərib.

Onun sözlərinə görə, quru sərhədlərinin uzun müddətdir bağlı qalması Azərbaycanın turizm imicinə mənfi təsir göstərən əsas amillərdən biridir:"Quru sərhədlərinin uzun müddət bağlı saxlanılması xarici turistlərdə müəyyən tərəddüd yaradır. Bu, təkcə quru sərhədindən istifadə edən turistlərə aid deyil. Hava yolu ilə səyahət etməyi planlaşdıran xarici vətəndaşlar da ölkə haqqında məlumat toplayarkən sərhədlərin bağlı olduğunu görür və təhlükəsizliklə bağlı risklərin mövcudluğuna işarə kimi qəbul edə bilirlər. Çünki hər hansı dövlətin sərhədlərini uzun müddət bağlı saxlaması xaricdən baxıldıqda müəyyən təhlükəsizlik narahatlıqları ilə əlaqələndirilir. Bizim ölkəmiz də, maşallah, 6 ildir sərhədi dayanmadan bağlayır. Bu isə ölkəyə səfər etmək istəyənlərin qərarına mənfi təsir göstərir və Azərbaycanın turizm cəlbediciliyini azaldır”.

İqtisadçı bildirib ki, turist axınına təsir edən digər mühüm səbəb regionda yaşanan geosiyasi gərginlikdir:

“Yaxın Şərqdə və İranda baş verən hadisələr Azərbaycanın yerləşdiyi regionun təhlükəsizlik baxımından riskli qəbul edilməsinə səbəb olub. Xüsusilə, İranın buraxdığı dronlardan birinin Naxçıvan ərazisinə düşməsi kimi insidentlər də regionun təhlükəsizlik baxımından riskli qəbul olunmasına səbəb olub. Azərbaycanın İranla həmsərhəd ölkə olması xarici turistlərdə əlavə narahatlıq yaradıb. Xarici vətəndaşlar regiona səfər planlarını təxirə salır və ya alternativ istiqamətlər seçirlər. Bu, həm ölkəyə gələn turistlərin, həm də xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayında azalmaya səbəb olub."

X.Kərimlinin sözlərinə görə, turist axınına mənfi təsir göstərən digər mühüm amil Yaxın Şərqdəki gərginliyin nəqliyyat xərclərini artırmasıdır: “Regional böhran aviasiya sektoruna da təsirsiz ötüşməyib. Regional gərginlik fonunda neft və yanacaq qiymətlərinin yüksəlməsi, eləcə də aviabiletlərin bahalaşması səyahət xərclərini artırıb. Nəticədə həm Azərbaycana gəlmək, həm də ölkədən xaricə səfər etmək əvvəlki dövrlə müqayisədə daha baha başa gəlir ki, bu da turist axınına birbaşa təsir göstərən amillərdəndir"

“Yaxın Şərqdə yerləşən əsas tranzit hava limanlarının fəaliyyətində yaranan məhdudiyyətlər də beynəlxalq səyahətlərə mənfi təsir göstərib. Müharibə Dubay, Əbu-Dabi və Doha kimi beynəlxalq tranzit hava limanlarının fəaliyyətinə də təsir etdi. Bu hava limanları Asiya və digər istiqamətlərə uçuşlar üçün əsas aktarma mərkəzləri olduğundan, hava məkanlarının bağlanması və bəzi reyslərin ləğvi səyahət marşrutlarını çətinləşdirdi. Nəticədə uçuşlar həm daha uzun çəkdi, həm də aviabiletlərin qiyməti əhəmiyyətli dərəcədə artdı. Bu amillər başqa istiqamətlərə səfər edənlərin sayının azalmasına da təsir göstərdi”- deyə X. Kərimli əlavə edib. 

İqtisadçı hesab edir ki, statistikadakı geriləmənin səbəbləri yalnız regional hadisələrlə məhdudlaşmır. Onun fikrincə, Azərbaycanın turizm potensialının daha səmərəli tanıdılması və bu sahənin inkişafı istiqamətində görülən işlərin kifayət qədər olmaması da turist axınının azalmasına təsir göstərir: “Mövcud vəziyyət göstərir ki, bu sahədə görülən işlər arzu olunan nəticəni vermir. Nəticədə Azərbaycan hələ də regionun aparıcı turizm istiqamətlərindən birinə çevrilə bilməyib. Eyni zamanda beynəlxalq tədbirlərin sayı və miqyası da turist axınına birbaşa təsir göstərən amillərdəndir. Beynəlxalq forumlar, konfranslar və digər irimiqyaslı tədbirlər ölkəyə xarici qonaqların cəlb olunmasında mühüm rol oynayır. Belə tədbirlərin sayının bir il daha çox, digər il isə daha az olması turist statistikasında da özünü göstərir. Bütün bu amillər birlikdə həm ölkəyə gələn, həm də xaricə səfər edənlərin sayında müşahidə olunan azalmanı şərtləndirib."