“Ermənistan və ona dəstək verən qüvvələr sülh istəmirlər” – TƏHLİL 

"Dünən axşam Ermənistan-Azərbaycan dövlət sərhəddində baş verənlər vəziyyətin artıq dözülməz olduğunu göstərdi. Ermənistanın sülh prosesindən uzaqlaşmaq istədiyini, prosesdə maraqlı olan digər tərəflərin Azərbaycana qarşı baş verən təxribat hallarında səssiz qalmaq istədiyini aydın şəkildə ortaya qoydu".

Bu sözləri "Sherg.az"a açıqlamasında “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov deyib.

Politoloqun fikirlərinə görə, Ermənistan və ona dəstək verən qüvvələr regionda sülhün olmasını istəmədiklərini isbatladılar:

"Ermənistan tərəfinin gah sülh danışıqlarına tezliklə başlamaq barəsində verdiyi açıqlamalar, gah da mütəmadi şəkildə təxribat hallarını artırması dünyanı çaşdırmaq niyyətlərindən xəbər verir. Ortada real sülh müqaviləsi olmalıdır. Reallaşan görüşlər nəticəsində əldə edilmiş razılıqlar icra edilməlidir. Doğrudur, Azərbaycan prezidenti cənab İlham Əliyev Ermənistana dəfələrlə sülh çağrışları edib. Buna rəğmən Ermənistanın tutduğu təcavüzkar siyasət hələ də davam edə bilər. Azərbaycan prezidenti cənab İlham Əliyev Ermənistana dəfələrlə sülh çağrışları edib. Şübhəsiz dünyanın ən peşəkar ordularından birinə çevrilən Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən təxribatına adekvat cavab verir. 
Sonuncu təxribat zamanı düşmənin hərbi hissəsinin, eləcə də iki “S-300” raket kompleksinin sıradan çıxarılması və bu kimi hallar Azərbaycan Silahlı Qüvvələrinin gücünü ortaya qoymuş olur. 
Ermənistan tezliklə Azərbaycanın şərtlərini qəbul edib, sülh danışıqlarına başlamalıdır. Maraqlı güclər regionda sülhün təmin olunmasına nail olmalıdır.
Azərbaycanın sülh çağrışları təşəbbüslərinə dərhal dəstək verilməlidir.
Sözügedən halların həyata keçilməsi regionda sülhün təmini baxımından önəmli əhəmiyyət daşıyır".


Qeyd edək ki, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyır. 

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.