"Sərhəddə baş verən gərginliklə bağlı informasiyanı müvafiq qurumun mətbuat xidmətindən almaq lazımdır".
Bu sözləri "Sherg.az"a açıqlamasında Konflikt Jurnalistikası Məktəbinin təsisçisi və rəhbəri, ehtiyatda olan mayor Əlisəfa Mehdiyev deyib.
O, hər kəsi rəsmi mənbələrə istinad etməyə çağırıb:
"Orduya dair rəsmi məlumatları Müdafiə Nazirliyi (MN) bəyan edir. MN yetəri qədər informasiya vermirsə, hadisə yerindən çəkiliş aparmaqla xəbəri çatdırmaq mümkündür.
Eləcə də, hadisə yerində olan ən azı üç nəfərin danışığından informasiya vermək olur. Bu şərtlərə əməl edilərsə, məhkəmə ilə üz-üzə qalmazsınız.
Media qurumları ekstremal situasiyalarda işləməyi bacaran reportyorlar hazırlamalıdır. Redaksiya şərhçilər, xəbərçilər formalaşdırmalıdır".
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.