"Ermənistan reallıqla heç vaxt barışmır. Azərbaycanın qazandığı qələbə ilə razılaşmır. İndi də reallığa düzgün qiymət vermədiklərindən irəli gələn təxribatlar törədirlər. Nəticədə Azərbaycanın "Dəmir yumruğ"una tuş gəlir".
Bu sözləri "Sherg.az"a açıqlamasında Azərbaycan-Ermənistan sərhədindəki mövcud vəziyyəti şərh edərkən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
O bildirib ki, Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, ölkəmizin təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edilib. Həmin obyektləri bərpa etmək üçün Ermənistana ən azı 4-5 il vaxt lazımdır:
"Prezident İlham Əliyev demişdi:"Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın".
Hazırda da həmin proses gedir, Azərbaycan "Dəmir yumruq"la onların başını əzir.
Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki “S-300” raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edilib, yüzlərlə yaralı var".
Ş.Ramaldanovun dediklərinə görə, Ermənistan itkilərini gizlətmək üçün heç cəsədlərə də sahib çıxmır:
"Nə qədər ki, Ermənistan atəş açacaq, bir o qədər Azərbaycanın zərbəsi ilə qarşılaşacaq. Təxribatın ərazi baxımından genişliyi Ermənistanın əvvəlcədən hazırlıq gördüyündən xəbər verir. Sərhəddə atəşkəs elan olunur, bir-iki saat keçmir, Ermənistan tərəfi yenidən sakitliyi pozur.
Ermənilər yüzlərlə meyidləri götürməyiblər və yaxud götürmək istəmirlər. Azərbaycan meyidləri yığmaq üçün atəşkəs təklif edir. Heç nəyə məhəl qoymurlar. Əgər atəşkəsi pozmağa davam etsələr, Azərbaycanın daha təsirli addımlar atmağa ixtiyarı var".